Yernur Rısmaqambetov: Tamaşaçılar filmlərdə özlərinə yaxın olan insanları görmək istəyirlər
Bakı, 27 oktyabr, AZƏRTAC
Azərbaycanda və Qazaxıstanda film çəkilişi təcrübəmiz olub. Bu prosesdə bir sıra boşluqların olduğunu gördük. Çünki bu cür layihələr əvvəllər həyata keçirilməyib.
AZƏRTAC xəbər verir ki, bunu VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən biznes dialoqunda Qazaxıstanın "Alem Entertainment GP” şirkətinin təsisçisi və baş icraçı direktoru Yernur Rısmaqambetov deyib.
O bildirib ki, xüsusilə pandemiyadan sonra yerli məzmuna maraq artıb. Belə ki, Qazaxıstanda 10 il əvvəl kinoteatrlarda nümayiş etdirilən filmlərin 85 faizi Hollivud və qonşu ölkələrin istehsalı olduğu halda, hazırda həmin yeri yerli istehsalçıların çəkdiyi ekran əsərləri tutur.
Yernur Rısmaqambetov qeyd edib ki, tamaşaçılar artıq yalnız Hollivud ulduzlarını deyil, özlərinə yaxın olan insanları və həyatları ilə əlaqələndirə bildikləri hekayələri görmək istəyirlər. Qazaxıstanın bazarı böyük layihələrin istehsalı üçün kifayət etmədiyindən yerli prodüserlərin, aktyorların və istehsal şirkətlərinin dəstəklənməsi, onların hekayələrini dünyaya çatdırması fondun əsas məqsədlərindən biridir: “Hazırda müşahidə etdiyimiz digər bir tendensiya da var: dünyaya baxışımız böyük ölçüdə izlədiyimiz filmlərin təsiri ilə formalaşır və bu filmlərin əksəriyyəti Hollivud istehsalıdır. Məsələn, Yaxın Şərq və ya Azərbaycan haqqında təsəvvürlərimizin bir çoxu mən bura gəlməzdən əvvəl izlədiyim filmlər əsasında formalaşmışdı. Dünya haqqında təsəvvürlərimiz uzun müddət mərkəzləşdirilmiş məzmun istehsalının təsiri altında olub və başqaları bizim əvəzimizə dünyanı necə görəcəyimizi müəyyənləşdiriblər. İndi isə müşahidə edirik ki, hər bir ölkə, hər bir xalq və hər bir mədəniyyət öz hekayəsini özü danışmaq istəyir".
Onun sözlərinə görə, hazırda hər bir ölkənin, o cümlədən Azərbaycanın yaradıcı sənayelərini inkişaf etdirməyə böyük maraq göstərilən bir mərhələdəyik. Məqsəd formalaşmaqda olan yeni dünya düzənində öz sözlərini demək və səslərini eşitdirməkdir.
Azərbaycanda və Qazaxıstanda film çəkilişi zamanı qarşılaşdıqları çətinliklərə toxunan natiq bildirib ki, layihənin uğur qazanacağına şübhə ilə yanaşanlar çox olub. Lakin layihənin reallaşmasında şəxsi münasibətlər, qarşılıqlı etimad və iştirakçıların birbaşa səyləri mühüm rol oynayıb.
O ümidvar olduğunu bildirib ki, bu təcrübə gələcəkdə dövlətin müvafiq ekosistemin formalaşdırmasına və belə layihələrin daha müntəzəm həyata keçirilməsinə əsas ola bilər: "Dünya hazırda yeni münasibətlər sisteminin formalaşması mərhələsindədir. Belə layihələri dəstəkləyən körpülər, institusional əlaqələr və proqramlar hələ mövcud deyil. Buna görə də, bu keçid dövründə əsas rol oynayan amil insanlar arasında birbaşa ünsiyyət, qarşılıqlı etimad və şəxsi münasibətlərdir. Biz bu layihəni konkret insanların fəal iştirakı sayəsində bir araya gətirə bildik. Layihənin uğurla başa çatmasından çox məmnunuq və ümid edirik ki, bu təcrübə gələcəkdə uğurlu nümunə olacaq. İnanırıq ki, sonrakı mərhələdə dövlət də həmin təcrübədən yararlanaraq müvafiq ekosistemin formalaşdırılmasına töhfə verə bilər. Beləliklə, bu cür layihələrin müntəzəm şəkildə həyata keçirilməsi mümkün olar".