AASSA-nın prezidenti: Mədəniyyətlərarası dialoqun əsasında mənəvi bərabərlik və qarşılıqlı hörmət dayanır
Bakı, 27 oktyabr, AZƏRTAC
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) keçirilən Akademik Forumda mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun qurulması və davamlılığının təmin edilməsi üçün əsas prinsiplər diqqətə çatdırılıb.
AZƏRTAC xəbər verir ki, Asiya Elmlər Akademiyaları və Cəmiyyətləri Assosiasiyasının (AASSA) prezidenti, professor Ahmet Nuri Yurdusev çıxışında müasir dünyada mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun əhəmiyyətindən danışıb.
Professor bildirib ki, AASSA Asiyanın 35 milli akademiyasını birləşdirən təşkilatdır. Onun sözlərinə görə, Azərbaycan Milli Elmlər Akademiyası da assosiasiyanın fəal üzvlərindən biridir. Təşkilat Asiyanın müxtəlif ölkələrinin elmi akademiyaları ilə yanaşı, Avstraliya və Yeni Zelandiya kimi Okeaniya ölkələrinin elmi qurumlarını da təmsil edir.
A.N.Yurdusev qeyd edib ki, Bakı Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən Akademik Forumun mövzusu dövrümüz üçün xüsusi aktuallıq daşıyır. Onun sözlərinə görə, müxtəlif regionlarda fərqli problemlərin yaşandığı, cəmiyyətlər arasında parçalanmaların müşahidə olunduğu bir şəraitdə dialoqun təşviqi mühüm əhəmiyyət kəsb edir.
Beynəlxalq münasibətlər üzrə alim kimi həm nəzəri, həm də praktiki təcrübəsinə əsaslanan professor mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun başlanması və davam etdirilməsi üçün üç əsas prinsip irəli sürüb. O bildirib ki, dialoq sadəcə qarşılıqlı əlaqə deyil, müəyyən məqsədə yönəlmiş fəaliyyətdir. Cəmiyyətlər, mədəniyyətlər və sivilizasiyalar arasında davamlı dialoqun qurulması üçün ilk növbədə onların mənəvi bərabərliyinin qəbul edilməsi vacibdir.
Professorun fikrincə, cəmiyyətlər əhali sayı, ərazi və digər fiziki göstəricilər baxımından fərqlənsələr də, mənəvi baxımdan bərabər ola bilərlər. Bu bərabərliyin qəbul edilməsi hər hansı bir cəmiyyətin, mədəniyyətin və ya sivilizasiyanın digərlərindən üstün tutulmamasını nəzərdə tutur. Məhz bu yanaşma dialoqun əsasını təşkil edir və onun davamlılığını təmin edir.
A.N.Yurdusevin irəli sürdüyü ikinci prinsip qarşılıqlı hörmətin qorunmasıdır. O vurğulayıb ki, mənəvi bərabərliyin qəbul edilməsi özlüyündə kifayət deyil. Bu yanaşma qarşılıqlı hörmətlə möhkəmləndirilməli, fərqliliklərə münasibətdə yalnız dözümlülüklə kifayətlənilməməli, digər mədəniyyətlərin və cəmiyyətlərin dəyəri də təsdiq olunmalıdır. Dialoqun davamlılığı üçün üçüncü mühüm şərt zorakılığın aradan qaldırılması mümkün olmadıqda belə, onun minimuma endirilməsidir. Zorakılığın tamamilə aradan qaldırılması çətin olsa da, həm cəmiyyətlərin daxilində, həm də onlar arasında güc tətbiqinin azaldılması mümkündür.
O qeyd edib ki, cəmiyyətlərin, mədəniyyətlərin və sivilizasiyaların bir-birinə qarşı zorakılıqdan imtina etməsi dialoqun inkişafı və davamlı əməkdaşlıq üçün əlverişli zəmin yaradır.