Sanja Vlaisavljevic: Süni intellektdən istifadə bərabər imkanların təmin edilməsinə xidmət etməlidir
Bakı, 27 oktyabr, AZƏRTAC
Texnologiyalar həyatımızın ayrılmaz hissəsinə çevrilərək sosial inkişaf üçün yeni imkanlar yaradır. Hökumətlər, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları insanlara və cəmiyyətə xidmət edən həll yollarının hazırlanması üçün birgə çalışmalıdırlar.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Bosniya və Herseqovina Federasiyasının mədəniyyət və idman üzrə federal naziri Sanja Vlaisavljevic oktyabrın 27-də VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən Beynəlxalq təşkilatların 3-cü yüksəksəviyyəli görüşü və “Bakı Prosesi” çərçivəsində nazirlərin 6-cı görüşünün xüsusi birgə sessiyasının ikinci hissəsindəki çıxışında səsləndirib.
Nazir vurğulayıb ki, süni intellekt bu prosesi asanlaşdıra, bilik və təcrübə mübadiləsinə töhfə verə, daha çox insanın müzakirələrdə iştirakına imkan yarada bilər.
“Texnoloji tərəqqi məsuliyyət prinsipləri əsasında həyata keçirilməlidir. Süni intellektdən istifadə sosial bərabərsizliyin artmasına və ayrı-seçkiliyə səbəb olmamalı, əksinə, bərabər imkanların təmin edilməsinə xidmət etməlidir”,- deyə Sanja Vlaisavljevic əlavə edib.