Akademik Forumun ikinci panel iclası: mədəniyyətlərarası anlaşma və humanitar elmlərin missiyası
Bakı, 27 oktyabr, AZƏRTAC
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində AMEA-da keçirilən Akademik Forumun “Mədəniyyətlərarası anlaşma və humanitar elmlərin missiyası” mövzusunda ikinci panel iclası başlayıb.
AZƏRTAC xəbər verir ki, müzakirələrdə humanitar elmlərin cəmiyyətlər arasında qarşılıqlı anlaşmanın gücləndirilməsinə verdiyi töhfə, mədəniyyətlərarası dialoqun inkişaf perspektivləri, qloballaşma şəraitində dilin qorunması, eləcə də süni intellektin tarixi yaddaş və mədəni hüquqlar kontekstində yaratdığı imkanlar diqqət mərkəzindədir.
İclasda “Humanitar elmlər vasitəsilə körpülərin qurulması: müxtəliflikdən anlaşmaya, əməkdaşlığa və davamlı sülhə doğru”, “Turan Platforması mədəniyyətlərarası dialoq məkanı kimi”, “Qloballaşan dünyada mədəniyyətlərarası dialoq kontekstində dilin qorunması”, “Süni intellekt və epistemik ədalət: tarixi yaddaşın diversifikasiyası və mədəni hüquqlar” mövzularında elmi məruzələr dinləniləcək.
Məruzələrdə humanitar elmlərin müasir dünyada mədəniyyətlərarası dialoqun inkişafına, müxtəlifliklərin anlaşılmasına, əməkdaşlığın genişləndirilməsinə və davamlı sülhün təmin olunmasına verdiyi töhfələrin müzakirəsi nəzərdə tutulur.