Yılmaz Özkaya: Cədidçilik hərəkatı mədəniyyətlərarası dialoqun tarixi təcrübəsidir
Bakı, 27 oktyabr, AZƏRTAC
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində AMEA-da keçirilən Akademik Forumun “Mədəniyyətlərarası anlaşma və humanitar elmlərin missiyası” mövzusunda ikinci panel iclasında Türk dünyasında modernləşmə və mədəniyyətlərarası dialoq məsələləri müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, iclasda Ege Universitetinin Türk dili və ədəbiyyatı bölməsinin Türk ləhcələri və ədəbiyyatları kafedrasının müdiri dosent Yılmaz Özkaya “Türk dünyasının modernləşməsində mədəniyyətlərarası dialoq: Cədidçilik təcrübəsi (1883–1918)” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə XIX əsrin son rübündə Rusiya müsəlmanları arasında meydana gələn və qısa müddətdə Türk dünyasının böyük hissəsinə yayılan Cədidçilik hərəkatının tarixi əhəmiyyəti diqqətə çatdırılıb. Bildirilib ki, “üsuli-cədid”, yəni “yeni üsul” təhsil islahatlarından qaynaqlanan bu hərəkat zamanla məktəb islahatları çərçivəsini aşaraq mətbuat, ədəbiyyat, din və ictimai-siyasi düşüncəni əhatə edən geniş fikir hərəkatına çevrilib.
Yılmaz Özkaya qeyd edib ki, müxtəlif coğrafiyalara yayılmış türk toplumları arasında qarşılıqlı anlaşmanın gücləndirilməsi Cədidçilik hərəkatının əsas istiqamətlərindən biri olub. Hərəkatın nümayəndələri cəmiyyətlərin problemlərinin həllində maarifçiliyə, təhsilə, mətbuata və ədəbi fəaliyyətə xüsusi əhəmiyyət veriblər.
Məruzədə İsmayıl Qaspıralının fəaliyyəti və onun nəşr etdirdiyi “Tərcüman” qəzetinin Türk dünyasında ortaq ünsiyyət mühitinin formalaşmasına töhfəsi vurğulanıb. Qeyd olunub ki, Qaspıralının “Dildə, fikirdə, işdə birlik” düsturu müxtəlif türk toplumları arasında dil və fikir yaxınlığının yaradılmasına yönəlib. Krımdan Kazana, Qafqazdan Türküstana qədər geniş oxucu auditoriyasına xitab edən qəzet müxtəlif bölgələr arasında ortaq yazı dili və fikir mübadiləsi üçün platforma rolunu oynayıb.
Dosent Yılmaz Özkaya Cədidçilik təcrübəsini mədəniyyətlərarası dialoqun üç istiqaməti üzrə nəzərdən keçirib: türk toplumları arasında dialoq, Rusiya imperiyası daxilində müxtəlif toplumlar arasında münasibətlər və sivilizasiyalararası dialoq.
Məruzəçi vurğulayıb ki, türk toplumları arasında qarşılıqlı anlaşma öz-özünə formalaşan proses deyil, dil, din, ədəbiyyat, məktəb və mətbuat vasitəsilə davamlı səylər tələb edən məqsəddir. Bu baxımdan Cədidçilik hərəkatının tarixi təcrübəsi humanitar elmlərin cəmiyyətlər arasında əlaqələrin gücləndirilməsindəki rolunu göstərir.
Çıxışda, həmçinin İsmayıl Qaspıralının müxtəlif xalqların öz dilini və dinini qorumaqla təhsil vasitəsilə ictimai həyata inteqrasiyasına dair yanaşmalarına toxunulub. Məruzə Cədidçilik hərəkatının Türk dünyasında modernləşmə, maarifçilik və mədəniyyətlərarası anlaşma tarixinin öyrənilməsi baxımından əhəmiyyətini önə çıxarıb.