Xivədə “Oydin Gurunglar – 2026” Beynəlxalq Yaradıcılıq Forumu başa çatıb
Bakı, 27 oktyabr, AZƏRTAC
Özbəkistanın Xarəzm vilayətinin qədim Xivə şəhərində keçirilən “Oydin Gurunglar – 2026” Beynəlxalq Yaradıcılıq Forumu təntənəli bağlanış mərasimi ilə başa çatıb.
Bu barədə AZƏRTAC-a Azərbaycanın Özbəkistandakı səfirliyinin tabeliyində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, bağlanış mərasimində Özbəkistanın zəngin tarixi-mədəni irsini, milli adət-ənənələrini, klassik ədəbiyyatını və incəsənətini əks etdirən müxtəlif bədii təqdimatlar nümayiş olunub. Milli-mənəvi dəyərlərə, elm və maarifçilik ənənələrinə, xalq yaradıcılığına və tarixi irsə həsr edilmiş teatrlaşdırılmış kompozisiyalar proqramda xüsusi yer tutub.
Qeyd edək ki, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin də iştirak etdiyi forum oktyabrın 22-dən 25-dək keçirilib və 400-dən çox yaradıcı şəxsi, o cümlədən 12 teatrın və müxtəlif ölkələrdən gəlmiş teatr kollektivlərinin nümayəndələrini bir araya gətirib.
Ümumilikdə, “Oydin Gurunglar – 2026” Beynəlxalq Yaradıcılıq Forumu mədəni irsin qorunması və təbliğinə, yaradıcı təşəbbüslərin və gənc istedadların dəstəklənməsinə, eləcə də beynəlxalq mədəni əlaqələrin möhkəmləndirilməsinə mühüm töhfə verib. Forum çərçivəsində teatr tamaşaları, elmi və yaradıcı görüşlər, ədəbi-bədii məclislər, rəssamlıq və tətbiqi sənət sərgiləri, ustad dərsləri, musiqi proqramları və müxtəlif mədəni təqdimatlar təşkil olunub.