Uqandada turizmdən əldə olunan gəlirlərin 20 faizi yerli icmalara qaytarılır
Bakı, 27 oktyabr, AZƏRTAC
Uqandada turizm sektorunun inkişafı yeni iş yerlərinin yaradılmasına, yerli icmaların rifahının yüksəldilməsinə və qadın sahibkarlığının dəstəklənməsinə töhfə verir.
AZƏRTAC xəbər verir ki, bunu Uqandada qonaqpərvərlik sahəsində qadınların təşəbbüsünün təsisçisi, “Gazelle Safaris DMC” şirkətinin baş icraçı direktoru Ann Kalembe “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Ortaq gələcək naminə turizm: inklüzivlik, bərabərlik və icma liderliyi sülhün qurulmasına necə töhfə verir” adlı panel sessiyada çıxışı zamanı deyib. O bildirib ki, pandemiyadan sonrakı dövrdə Uqandaya gələn ziyarətçilərin sayı iki dəfədən çox artıb, turizm sektoru isə ölkədə təxminən bir milyon birbaşa iş yerinin yaradılmasına töhfə verib. Əhalinin 7,5 faizindən çoxu bu sahədə çalışır.
Ann Kalembe qeyd edib ki, Uqanda hökuməti 2040-cı ilədək ölkə iqtisadiyyatının gəlirlərini 50 milyard dollardan 500 milyard dollara çatdırmağı hədəfləyir. Bu məqsədə nail olmaq üçün müəyyənləşdirilən prioritet sahələrdən biri də turizmdir. O, turizmin inkişafı ilə bağlı əsas çətinliklərdən birinin yerli icmalarla vəhşi təbiət arasında yaranan münaqişələr olduğunu vurğulayıb. Bildirib ki, bu problemin həlli və əhalinin turizmdən faydalanması üçün hökumət gəlirlərin bölüşdürülməsi mexanizmini tətbiq edir. Bu mexanizmə əsasən, turizmdən əldə olunan gəlirlərin 20 faizi yerli icmalara yönəldilir.
Ann Kalembe dağ qorillalarının qorunmasında da yerli əhalinin iştirakının vacibliyini diqqətə çatdırıb. Onun sözlərinə görə, milli parklara yaxın ərazilərdə yaşayan icmalara hər satılan qorilla müşahidə icazəsinə görə ən azı 10 dollar ödənilir. Bu yanaşma yerli əhalinin gəlir əldə etməsinə və təbiətin qorunmasında maraqlı olmasına şərait yaradır.
O, qadın sahibkarlığının dəstəklənməsinin turizmin inklüziv inkişafında mühüm rol oynadığını qeyd edib. Qadınların biznes qurmaq imkanlarının genişləndirilməsi təkcə onların deyil, bütövlükdə icmaların rifahına müsbət təsir göstərir. Turizm sahəsində nəqliyyat, yanacaq təminatı, hava limanları və yerli bələdçilik kimi müxtəlif xidmətlərin bir-biri ilə əlaqəli olması da geniş iqtisadi imkanlar yaradır.