Yerli xalqların turizmi: mədəni irsin qorunması və davamlı sülhün təşviqi
Bakı, 27 oktyabr, AZƏRTAC
Yerli xalqların turizmi mədəni irsin qorunması, ənənəvi biliklərin gələcək nəsillərə ötürülməsi, iqtisadi imkanların genişləndirilməsi və davamlı sülhün təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bunu “Destination Original Indigenous Tourism” təşkilatının inkişaf üzrə direktoru, “Yatista Consulting Group” şirkətinin həmtəsisçisi və baş əməliyyat direktoru Jan-Filipp Le Muan VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Ortaq gələcək naminə turizm: inklüzivlik, bərabərlik və icma liderliyi sülhün qurulmasına necə töhfə verir” adlı panel sessiyasında çıxışı zamanı deyib. O bildirib ki, yerli xalqların turizmi onların turizm fəaliyyətinə birbaşa cəlb olunmasını, öz mədəniyyətlərini tanıtmasını və bu sahənin inkişafında iştirakını nəzərdə tutur. İcma, mədəniyyət, kənd, aqro, ekoloji və macəra turizmi yerli xalqların nümayəndələri tərəfindən inkişaf etdirildikdə bu sahənin tərkib hissəsi ola bilər.
Jan-Filipp Le Muan yerli xalqların turizminin onların hüquqlarının qorunması ilə sıx bağlı olduğunu vurğulayıb: “Bu sahədə beynəlxalq hüquqi çərçivənin mühüm sənədləri sırasında Beynəlxalq Əmək Təşkilatının 1989-cu il tarixli 169 nömrəli Konvensiyası və BMT-nin Yerli Xalqların Hüquqları haqqında Bəyannaməsi yer alır. Həmin bəyannamə Avstraliyanın Darvin şəhərində keçirilən ilk Sakit Okean və Asiya Yerli Xalqların Turizmi Konfransında hazırlanıb.
Yerli xalqların turizminin inkişafına mane olan əsas amillər sırasında xüsusi strategiyaların və maliyyələşmənin çatışmazlığı, tarixi bərabərsizliklər, bazarlara çıxış imkanlarının məhdudluğu, mədəniyyətin təhrif olunması və ətraf mühitə təzyiqlər var. Bu sahənin inkişafı üçün yerli xalqların milli turizm siyasətlərinə inteqrasiyası, iqtisadi müstəqilliklərinin gücləndirilməsi, mədəni irsin canlandırılması, ənənəvi biliklərin ötürülməsi və strateji tərəfdaşlıqların genişləndirilməsi vacibdir”.
Çıxışının sonunda natiq yerli xalqların turizminin barışıq və davamlı sülhün qurulmasına töhfə vermək imkanlarının əhəmiyyətini vurğulayıb.