Salyanda ailə faciəsi: Ana öldürüldü, ata və gəlin yaralandı - YENİLƏNİB
Salyan, 27 oktyabr, AZƏRTAC
Oktyabrın 27-də saat 13:30 radələrində 2 nəfər (1 kişi, 1 qadın) Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Salyan Rayon Mərkəzi Xəstəxanasından AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, müxtəlif bədən xəsarətləri alan pasiyentlər üzərində hazırda cərrahi əməliyyat icra olunur. Bir nəfərin vəziyyəti ağır, digər şəxsin vəziyyəti isə orta ağır qiymətləndirilir.
14:34
Salyan rayonunda bir ailənin üç üzvü bıçaqlanıb. Hadisə zamanı bir nəfər ölüb, iki nəfər yaralanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Sarvan kəndində qeydə alınıb. 1998-ci il təvəllüdlü P.İsmayılov öz anasını, atasını və gəlini bıçaqlayıb. Nəticədə ana aldığı xəsarətlərdən ölüb, digər iki yaralı xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Müxbir-Aydın Yavərzadə