MDU-nun tələbələri təhsil kreditlərinin şərtləri və güzəştləri ilə tanış olublar
Mingəçevir, 27 oktyabr, AZƏRTAC
Mingəçevir Dövlət Universitetində (MDU) Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsil Tələbə Krediti Fondunun (TTKF) İdarə Heyətinin sədri Bəhruz Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə tələbələrin görüşü keçirilib.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, görüşün məqsədi tələbələrin təhsil imkanlarının genişləndirilməsi, ali təhsilə əlçatanlığın artırılması və dövlət tərəfindən təqdim olunan güzəştli maliyyə dəstəyi mexanizmləri barədə məlumatlılığın gücləndirilməsi olub.
MDU-nun rektoru Anar Eminov ölkədə təhsilin inkişafı, gənclərin keyfiyyətli ali təhsil imkanlarına çıxışının genişləndirilməsi və sosial bərabərliyin təmin olunması istiqamətində həyata keçirilən dövlət siyasətinin əhəmiyyətindən bəhs edib. Rektor təhsil tələbə krediti mexanizminin gənclərin ali təhsilə çıxış imkanlarının genişləndirilməsində, akademik inkişafının dəstəklənməsində və inklüziv təhsil mühitinin formalaşdırılmasında mühüm rol oynadığını vurğulayıb.
Görüşdə çıxış edən Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Bəhruz Əzimov Fondun fəaliyyət istiqamətləri, tələbələrin maliyyə imkanlarının dəstəklənməsi və təhsilin əlçatanlığının artırılması məqsədilə həyata keçirilən tədbirlər haqqında məlumat verib. Sosial və standart təhsil tələbə kreditlərinin xüsusiyyətləri, kreditlərin verilmə meyarları, müraciət və rəsmiləşdirmə prosedurları, geri qaytarılma şərtləri, akademik göstəricilərə əsaslanan güzəştlər və tələbələr üçün nəzərdə tutulan digər imtiyazları ətraflı izah edib. Bildirilib ki, bu mexanizm tələbələrin maliyyə yükünün azaldılmasına, təhsildə davamlılığın təmin edilməsinə və onların akademik potensiallarını daha səmərəli reallaşdırmalarına əlverişli imkanlar yaradır.
İnteraktiv müzakirələrlə davam edən görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb, təhsil tələbə kreditlərindən yararlanma imkanları və müraciət prosedurları ilə bağlı praktiki izahlar verilib.
Müxbir – Vüsalə Cənnətova