Azərbaycanın İƏT-ə üzvlüyünün 35 ili İslam həmrəyliyi baxımından mühüm mərhələdir RƏY
Bakı, 27 oktyabr, AZƏRTAC
Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzvlüyünün 35-ci ildönümü ölkəmizin İslam dünyası ilə əlaqələrinin inkişafı və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi baxımından əlamətdar tarixi mərhələdir. Bu müddət ərzində Azərbaycan təşkilatla münasibətlərini yüksələn xətlə inkişaf etdirib, İslam ölkələri ilə əlaqələrini genişləndirib və İslam həmrəyliyinin gücləndirilməsinə mühüm töhfələr verib. Prezident İlham Əliyevin İƏT-in Baş katibi ilə keçirdiyi görüş Azərbaycan ilə təşkilat arasında 35 il ərzində formalaşmış əməkdaşlığın davamlılığını və ölkəmizin İslam dünyası ilə əlaqələrə verdiyi strateji əhəmiyyəti nümayiş etdirir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib.
O qeyd edib ki, Azərbaycanın Ermənistanın işğalına son qoyaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi yalnız ölkəmiz üçün deyil, İslam dünyası baxımından da mühüm tarixi hadisədir: “Azərbaycan İƏT-in üzvü kimi uzun illər ərzində təşkilatın dəstəyini hiss edib, Ermənistanın təcavüzü və işğal siyasəti ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində təşkilatla sıx əməkdaşlıq aparıb. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, suverenliyimizin və ərazi bütövlüyümüzün tam bərpası ölkəmizin milli maraqlarının təmin olunması baxımından tarixi nailiyyətdir. İƏT-in Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən mövqeyi, ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə verdiyi dəstək İslam həmrəyliyinin mühüm təzahürlərindən biri olub. Bu baxımdan Azərbaycanın qələbəsi həm də İslam dünyasının ədalətin və beynəlxalq hüququn müdafiəsi istiqamətində nümayiş etdirdiyi həmrəyliyin nəticəsi kimi qiymətləndirilir. Azərbaycan işğal dövründə Ermənistan tərəfindən məscidlərin və digər İslam mədəni irsi nümunələrinin dağıdılması, təhqir edilməsi və məhvə məruz qoyulması faktlarını İƏT-in müxtəlif toplantılarında ardıcıl şəkildə gündəmə gətirib. Məqsəd bu əməllərin beynəlxalq səviyyədə tanıdılması, İslam irsinin qorunması və tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması olub. İşğaldan azad edilmiş ərazilərdə İslam abidələrinin bərpası Azərbaycan dövlətinin tarixi və dini-mədəni irsə münasibətinin əsas istiqamətlərindəndir. Məscidlərin və digər dini abidələrin bərpası yalnız dağıdılmış tikililərin yenidən qurulması deyil, həm də xalqımızın tarixi yaddaşının, mədəni kimliyinin və çoxəsrlik irsinin qorunması deməkdir. Bu istiqamətdə İƏT ilə əməkdaşlıq İslam mədəni irsinin beynəlxalq səviyyədə müdafiəsi baxımından əhəmiyyət daşıyır”.
Ölkəmizin beynəlxalq təşəbbüsləri və əməkdaşlıq imkanları genişlənib
T.Gəncəliyev vurğulayıb ki, Azərbaycanın İƏT ilə əməkdaşlığının əsasları müstəqilliyin bərpasından sonrakı ilk illərdə formalaşıb. Ulu Öndər Heydər Əliyev beynəlxalq təşkilatlarla əlaqələrin qurulmasına və genişləndirilməsinə xüsusi əhəmiyyət verib, İƏT-in sammitlərində və konfranslarında iştirak etməklə bu istiqamətdə mühüm addımlar atıb. Prezident İlham Əliyev həmin siyasəti davam etdirərək Azərbaycanın təşkilat çərçivəsində mövqeyini gücləndirib, ölkəmizin beynəlxalq təşəbbüslərini və əməkdaşlıq imkanlarını genişləndirib.
Deputat bildirib ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə, 2013-cü il oktyabrın 28-də Azərbaycanın təşəbbüsü ilə BMT ilə İƏT arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi mövzusunda BMT tarixində ilk dəfə yüksək səviyyəli iclas keçirilib. Bu təşəbbüs İƏT-in beynəlxalq platformalarda təmsilçiliyinin gücləndirilməsi və üzv dövlətlərin maraqlarının daha geniş şəkildə ifadə olunması baxımından əhəmiyyətli olub.
“Keçmiş diplomat kimi deyə bilərəm ki, İƏT-in fəaliyyəti yalnız təşkilatın öz daxilindəki əməkdaşlıqla məhdudlaşmır. Üzv dövlətlərin nümayəndələrinin müxtəlif beynəlxalq platformalarda bir araya gəlməsi, ortaq maraqların müdafiəsi və vahid mövqedən çıxış etməsi də mühüm əhəmiyyət daşıyır. Azərbaycanın beynəlxalq təşkilatlarda fəal iştirakı və sədrlik etdiyi platformalarda yeni təşəbbüslərlə çıxış etməsi İƏT-ə gələcək sədrliyi dövründə də ölkəmizin üzərinə mühüm vəzifələr qoyur. İƏT-in 2026-2027-ci illər fəaliyyəti Azərbaycanın təşkilatla əməkdaşlığı baxımından mühüm dövr olacaq. 2026-cı ilin iyununda Bakıda İƏT üzv dövlətlərinin Parlament İttifaqının 20-ci sessiyası keçirilib. 2027-ci il iyunun 1-2-də Azərbaycanda İƏT-in İnformasiya Nazirləri Konfransının 13-cü sessiyasının keçirilməsi nəzərdə tutulur. Həmin il iyunun 23-24-də isə ölkəmiz İslam Zirvə Konfransının 16-cı sessiyasına ev sahibliyi edəcək və təşkilatda sədrliyi öz üzərinə götürəcək. Azərbaycanın İƏT-ə sədrliyi İslam həmrəyliyinin möhkəmləndirilməsi, üzv dövlətlər arasında siyasi dialoqun genişləndirilməsi, mədəni irsin qorunması, gənclər və təhsil sahələrində əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaradacaq. Ölkəmiz bu məsuliyyətli mərhələdə təşkilatın fəaliyyətinə öz töhfəsini verməklə yanaşı, İslam dünyasının beynəlxalq münasibətlər sistemindəki rolunun gücləndirilməsi istiqamətində də təşəbbüslərini davam etdirəcək”, - deyə T.Gəncəliyev bildirib.