Telman İbrahimov: Mirzə Qədim İrəvaninin yaradıcılığı Azərbaycan incəsənətinin inkişafında mühüm mərhələdir
Bakı, 27 oktyabr, AZƏRTAC
Mirzə Qədim İrəvaninin yaradıcılığı Azərbaycan incəsənətinin orta əsr miniatür sənətindən müasir Avropa tipli təsviri sənətə keçidini izləmək baxımından mühüm əhəmiyyət daşıyır. Onun əsərlərinin ilk dəfə tam şəkildə bir kitabda toplanması rəssamın yaradıcılıq irsini bütöv şəkildə öyrənməyə imkan verir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının aparıcı elmi işçisi və Azərbaycan Milli İncəsənət Muzeyinin elmi-tədqiqat şöbəsinin müdiri Telman İbrahimov deyib.
O bildirib ki, Mirzə Qədim İrəvaninin yaradıcılığı uzun müddət lazımi diqqətdən kənarda qalıb, hətta Sovet dövründə də rəssamın sənətinə maraq məhdud olub.
“Mirzə Qədim İrəvaninin yaradıcılığı sovet ideologiyasına uyğun gəlmirdi. Buna görə də müasir dövrdə onun sənətinə marağın artması və bu kitabın nəşri, əlbəttə ki, çox əlamətdar hadisədir”, – deyə ekspert qeyd edib.
T.İbrahimovun sözlərinə görə, Mirzə Qədim İrəvaninin sənət tarixindəki əsas xidmətlərindən biri orta əsr Azərbaycan incəsənəti ilə müasir təsviri sənət arasında varislik əlaqəsinin formalaşmasındakı roludur. Onun yaradıcılığının araşdırılması bu keçidi və sənətin inkişaf mərhələlərini daha dərindən anlamağa imkan yaradır.
Sənətşünas vurğulayıb ki, yeni nəşrin əsas üstünlüklərindən biri rəssamın əsərlərinin ilk dəfə vahid kitabda toplanaraq bütöv şəkildə təqdim edilməsidir. Onun əsərlərinin bir qismi Ermitajda, çoxsaylı nümunələri Tbilisi Dövlət İncəsənət Muzeyində, eləcə də Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasında saxlanılır.
“Əvvəllər onun bütün əsərləri bir yerdə toplanmamışdı. Bu kitab oxucuya Mirzə Qədim İrəvaninin yaradıcılığına bütöv şəkildə nəzər salmaq, rəssamın inkişaf yolunu izləmək imkanı verir. Onun irsi araşdırılana və bu barədə kitablar nəşr olunana qədər Azərbaycan incəsənətinin orta əsrlərdən müasir dövrə keçidindəki halqanı tam şəkildə görə bilmirdik. Kitabın ən böyük əhəmiyyəti də məhz bundadır”, – deyə T.İbrahimov bildirib.
Alim əlavə edib ki, Mirzə Qədim İrəvani xüsusi peşəkar rəssamlıq təhsili almadan, ancaq öz fitri istedadı hesabına yaradıcılığını formalaşdırmış sənətkardır. Onun fikrincə, rəssamın irsi Azərbaycan təsviri sənətinin özünəməxsus inkişaf yolunu anlamaq baxımından xüsusi əhəmiyyət kəsb edir.
Müxbir - Lalə Minasazova