ADPU Bakı Beynəlxalq Kitab Sərgisində öz stendi ilə təmsil olunur
Bakı, 27 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) XII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunub.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, Kitabxana-İnformasiya Mərkəzinin direktoru Zinharə Həsənovanın rəhbərliyi ilə təşkil edilən stenddə ali məktəbin professor-müəllim heyətinin müəllifi olduğu elmi əsərlər, dərsliklər, dərs vəsaitləri, monoqrafiyalar və digər nəşrlər nümayiş olunur.
Sərgi çərçivəsində ADPU-nun rektoru professor Cəfər Cəfərov, beynəlxalq əlaqələr üzrə prorektor professor Mahirə Hüseynova, elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov, Filologiya fakültəsinin dekanı dosent Könül Həsənova, eləcə də Milli Məclisin deputatı, ziyalılar və oxucular universitetin stendini ziyarət ediblər. Onlar nümayiş olunan nəşrlərlə tanış olub, universitetin elmi və tədris ədəbiyyatının sərgidə təqdim olunmasını, kitab və mütaliə mədəniyyətinin təşviqini müzakirə ediblər.
ADPU-nun sərgidə iştirakının universitetin nəşrlərinin daha geniş oxucu auditoriyasına çatdırılması, professor-müəllim heyətinin elmi fəaliyyətinin tanıdılması və ali təhsil müəssisəsi ilə cəmiyyət arasında əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyət daşıdığı qeyd olunub.