Britaniyada hökumətin xəbərdarlığından sonra konservləşdirilmiş qida və radio satışları kəskin artıb
London, 27 oktyabr, AZƏRTAC
Böyük Britaniyada hökumətin əhalini mümkün fövqəladə hallara hazır olmağa çağırmasından sonra zəruri ərzaq və məişət məhsullarının satışında ciddi artım qeydə alınıb.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, hökumətin xəbərdarlığından sonra sakinlər konservləşdirilmiş qida məhsulları, radioqəbuledicilər, fənərlər və portativ enerji yükləyiciləri almağa başlayıblar. “Iceland” supermarketlər şəbəkəsi ötən həftəsonu konservləşdirilmiş məhsulların satışının 40 faiz artdığını açıqlayıb. Şirkət bunu istehlakçıların hökumətin xəbərdarlıqlarına ciddi yanaşması ilə əlaqələndirib.
“Robert Dyas” mağazalar şəbəkəsində radioqəbuledicilərin satışı əvvəlki həftə ilə müqayisədə 160 faiz yüksəlib. Elektronika məhsulları satan “Maplin” şirkətinin məlumatına görə, hökumətin açıqlamasından sonra radioqəbuledicilərin satışında 92 faiz, fənərlərin satışında 284 faiz, portativ enerji yükləyicilərinin satışında isə 106 faiz artım qeydə alınıb. Bu göstəricilər əvvəlki ayın müvafiq dövrü ilə müqayisə edilib.
Qeyd edək ki, Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq əhalini kiberhücumlar və ekstremal hava şəraiti kimi fövqəladə hallara hazırlıqlı olmağa, bunun üçün evlərində zəruri ehtiyatlar saxlamağa çağırıb.