Türk mütəxəssis: Süni intellektdən sonra oyun sənayesində nə baş verəcəyini bilmirik
Bakı, 27 oktyabr, AZƏRTAC
Türkiyədə hazırda səkkiz “unikorn” şirkəti var və onlardan üçü oyun sənayesində fəaliyyət göstərir.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin əsas texnologiya və sahibkarlıq ekosistemlərindən biri olan “Bilişim Vadisi”nin baş icraçı direktoru Erkam Tüzgen VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən biznes dialoqunda deyib.
O bildirib ki, Türkiyədə oyun sənayesinin inkişafı zamanı mövcud çətinliklər insanları daha çox işləməyə və əməkdaşlığa sövq edib. Onun sözlərinə görə, dövlət və təmsil etdiyi qurum sahibkarların ehtiyaclarına uyğun həllər yaratmağa çalışıb: "Burada bir məqamı da qeyd etmək istəyirəm: süni intellektdən sonra nə baş verəcəyini bilmirik. Çünki bu gün ən yaxşı proqram tərtibatçıları, demək olar ki, artıq kod yazmırlar, sadəcə süni intellektə tapşırıqlar verirlər. Ən yaxşı kod yazan artıq süni intellektin özüdür. Eyni vəziyyət digər sahələrdə də yarana bilər".
Natiq bildirib ki, oyun sənayesinin inkişafı yalnız proqram təminatı mütəxəssislərindən asılı deyil. Bu sahədə 3D rəssamları, oyun mühərrikləri üzrə mütəxəssislər, ssenaristlər və musiqiçilər də mühüm rol oynayırlar. Uğurlu oyun şirkətinin yaranması üçün həmin mütəxəssislərin bir araya gəlməsi vacibdir.
O əlavə edib ki, Türkiyədə bu sahədə fəaliyyət göstərən mütəxəssisləri bir araya gətirmək, onlara sınaqdan keçirmək, uğursuzluqlardan nəticə çıxarmaq və yenidən cəhd etmək imkanı yaratmaq məqsədilə ekosistem formalaşdırılıb. Nəticədə bu təşəbbüslərin bir qismi uğurla nəticələnib.
Erkam Tüzgen vurğulayıb ki, yaradılan ekosistemin üstünlükləri yalnız oyun sənayesi ilə məhdudlaşmır. Bir sahədə əldə edilən uğur digər sahələrin inkişafına da müsbət təsir göstərir.