Gəncədə fiziki məhdudiyyətli şəxslərin əl işlərindən ibarət satış-sərgi keçirilib
Gəncə, 27 oktyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Gəncə şəhərində fiziki məhdudiyyətli şəxslərin peşə bacarıqlarını və yaradıcılıq potensialını əks etdirən əl işlərindən ibarət satış-sərgi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının inzibati binasında keçirilən sərgidə iştirakçılar nümayiş etdirilən əl işləri ilə tanış olublar.
Sərgidə dulusçuluq, bədii oyma, bədii tikmə, xalçaçılıq, rəssamlıq, toxuculuq və dərzilik sahələrini əhatə edən əl işləri, suvenir oyuncaqlar, muncuqlardan hazırlanmış bəzək əşyaları və dekorativ şamlar nümayiş etdirilib.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan tədbirin məqsədi fiziki məhdudiyyətli şəxslərin bacarıq və yaradıcılıq imkanlarını geniş ictimaiyyətə tanıtmaq, onların əməyinin təşviqinə və sosial inteqrasiyasına dəstək göstərmək, həmçinin məşğulluq imkanlarının genişləndirilməsinə töhfə vermək olub.
Müxbir - Elcan Məmmədov