Çinli alim Kimya İnstitutunda laboratoriyaların fəaliyyəti ilə tanış olub
Bakı, 27 oktyabr, AZƏRTAC
Çin Elmlər Akademiyasının Sincan Ekologiya və Coğrafiya İnstitutunun direktor köməkçisi professor Cəlili Abuduvayli Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunda olub.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Görüşdə akademik Vaqif Fərzəliyev qonağa Kimya İnstitutunun yaranma tarixi, inkişaf mərhələləri və əsas elmi-tədqiqat istiqamətləri haqqında məlumat verib.
Daha sonra institutun Yağlayıcı-soyuducu kompozisiyalar laboratoriyasının baş elmi işçisi Könül Qəhrəmanova laboratoriyanın fəaliyyəti və əldə olunan elmi nəticələr barədə təqdimatla çıxış edib. Təqdimatda neftlə çirklənmiş su və torpaqların bioloji, fitoremediasiya və nanobioremediasiya üsulları ilə təmizlənməsi, pestisidlər və ağır metallarla çirklənmiş mühitlərin bərpası istiqamətində aparılan tədqiqatlar diqqətə çatdırılıb. Həmçinin laboratoriyanın elmi və qrant layihələrində iştirakı barədə məlumat verilib.
Professor Cəlili Abuduvayli təmsil etdiyi elmi müəssisənin fəaliyyəti, elmi infrastrukturu və tədqiqat imkanları haqqında danışıb. O, həmçinin Sincan Ekologiya və Coğrafiya İnstitutunun quraq ərazilərin ekologiyası, təbii ehtiyatların öyrənilməsi, landşaft dəyişiklikləri və ekoloji təhlükəsizlik sahələrində apardığı tədqiqatlar barədə məlumat verib.
Görüş çərçivəsində keçirilən müzakirələrdə hər iki elmi müəssisənin tədqiqat istiqamətləri, eləcə də gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib. Neftlə çirklənmiş torpaq və suların bərpası, ekoloji problemlərin qiymətləndirilməsi, mikrobioloji və biotexnoloji yanaşmaların tətbiqi, quraq ərazilərin ekologiyası və torpaq-su ehtiyatlarının öyrənilməsi sahələrində birgə tədqiqatların aparılması, elmi nəticələrin mübadiləsi və beynəlxalq qrant layihələrində iştirak imkanları müzakirə olunub.
Görüşdən sonra qonaq laboratoriyalarda aparılan tədqiqatlarla, mövcud avadanlıq və cihazlarla, eləcə də istifadə olunan eksperimental metodlarla tanış olub.
Sonda professor Cəlili Abuduvayli Kimya İnstitutuna Çinin Sincan-Uyğur Muxtar Rayonunda yerləşən Turfan çökəkliyinə aid suvenir təqdim edib.