VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun xüsusi sessiyası başa çatıb
Beynəlxalq təşkilatların və nazirlərin birgə sessiyasında dezinformasiya ilə mübarizə və mədəni irsin qorunması diqqət mərkəzində olub
Bakı, 27 oktyabr, AZƏRTAC
“Ortaq gələcək naminə dialoq” mövzusunda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 27-də Beynəlxalq Təşkilatların 3-cü Yüksəksəviyyəli Görüşü və “Bakı Prosesi” çərçivəsində nazirlərin 6-cı görüşünün xüsusi birgə sessiyasının ikinci hissəsi baş tutub.
AZƏRTAC xəbər verir ki, “Tərəfdaşlıqdan birgə fəaliyyətə: süni intellekt dövründə mədəniyyətlərarası dialoq naminə qlobal qarşılıqlı fəaliyyətin gücləndirilməsi” mövzusuna həsr olunan sessiyada yüksəksəviyyəli dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər, alimlər, jurnalistlər, eləcə də müxtəlif etnik və mədəni qrupların nümayəndələri iştirak ediblər.
UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Elman Abdullayevin moderatorluğu ilə keçirilən tədbirdə çıxış edən Sudanın mədəniyyət, informasiya və turizm naziri Khalid İsmail Ahmed Ali texnologiyaların bu sahədə işləri asanlaşdırdığını və mədəni irsin daha geniş auditoriyaya çatdırılmasına kömək etdiyini bildirib. “Bununla yanaşı, yanlış məlumatların yayılmasının və qərəzli mühakimələrin qarşısını almaq üçün texnologiyalardan düzgün və məsuliyyətli istifadə etməliyik. İnanırıq ki, bu müzakirələr dünyamızın üzləşdiyi çağırışlara dair konkret və praktiki həll yollarının müəyyənləşdirilməsinə töhfə verəcək”, – deyə o qeyd edib.
Sonra Ruandanın gənclər və incəsənət naziri Jan Nepo Utumatvişima, Acarıstan Muxtar Respublikasının mədəniyyət naziri Eliso Bolkvadze, Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Coşkun Yılmaz, Çinin Azərbaycandakı səfiri Lu Mey, Müstəqil Dövlətlər Birliyinin Baş katibinin müavini Denis Trefilov, Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Gürcüstanın mədəniyyət nazirinin müavini Natia Şamatava, Bosniya və Herseqovina Federasiyasının mədəniyyət və idman üzrə federal naziri Sanja Vlaisavljevic, UNESCO üzrə Macarıstan Milli Komissiyasının prezidenti, səfir Katalin Ann Mariya Bogyay, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova və başqaları çıxış ediblər.
Çıxışlarda süni intellekt və müasir texnologiyaların mədəniyyətlərarası dialoqun inkişafında yaratdığı imkanlar, mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi, eləcə də xalqlar arasında qarşılıqlı anlaşma və etimadın möhkəmləndirilməsi məsələlərinə toxunulub. Bildirilib ki, texnoloji tərəqqi insanlığın mənəvi inkişafı, mədəni dəyərlərin qorunması və sülhün təşviqi ilə uzlaşdırılmalıdır.
Natiqlər beynəlxalq təşkilatlar və dövlətlər arasında əməkdaşlığın genişləndirilməsinin, ortaq təşəbbüslərin həyata keçirilməsinin və dialoqun konkret nəticələrə yönəldilməsinin əhəmiyyətini vurğulayıblar. Eyni zamanda, süni intellektdən məsuliyyətli istifadənin, etibarlı informasiyanın yayılmasının və dezinformasiya ilə mübarizənin vacibliyi qeyd olunub.
Tədbirdə gənclərin mədəni və ictimai proseslərdə iştirakının artırılması, təhsil və yaradıcılıq imkanlarının genişləndirilməsi, eləcə də müxtəlif xalqların dilinə, tarixinə və mədəni irsinə hörmətin təşviqi diqqət mərkəzində olub. Qeyd olunub ki, rəqəmsal texnologiyalar mədəniyyət nümunələrinin geniş auditoriyaya çatdırılmasına və xalqlar arasında informasiya mübadiləsinin gücləndirilməsinə xidmət edə bilər.
Həmçinin vurğulanıb ki, beynəlxalq tərəfdaşlıq yalnız fikir mübadiləsi ilə məhdudlaşmamalı, birgə fəaliyyət, təcrübə mübadiləsi və ölçülə bilən nəticələr əsasında inkişaf etdirilməlidir. Bu baxımdan, müxtəlif ölkələrin və beynəlxalq təşkilatların səylərinin əlaqələndirilməsi qlobal çağırışların həllinə, mədəni müxtəlifliyin qorunmasına və dayanıqlı sülhün möhkəmləndirilməsinə mühüm töhfə verə bilər.
Xatırladaq ki, oktyabrın 27-dən 29-dək keçirilən Forum Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, Ümumdünya Turizm Təşkilatı və ICESCO-nun tərəfdaşlığı ilə reallaşır. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə təməli qoyulan mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin əsas beynəlxalq tədbiri olan Forum qarşılıqlı anlaşmanın, həmrəyliyin və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə xidmət edir.
Müxbirlər - Gülay Nəzərova, Fidan Əlizadə,