Beynəlxalq Kitab Sərgisində Respublika Uşaq Kitabxanasının stendi böyük maraq doğurub
Bakı, 27 oktyabr, AZƏRTAC
Firidun Köçərli adına Respublika Uşaq Kitabxanası XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində bir sıra maraqlı tədbirlər keçirib.
Kitabxanadan AZƏRTAC-a verilən məlumata görə, belə ki, “Uşaq Dünyası” adlı stenddə yazıçı Elvira Məmmədova “Düymə” kitabını, yazıçı Elnarə Cahan isə “Şuşada yay tətili” adlı kitabını təqdim edib. Təqdimatlar zamanı müəlliflər əsərlərin məzmunu və ideyası haqqında məlumat verib, uşaqların suallarını cavablandırıb və onlarla fikir mübadiləsi aparıblar. Görüşlər uşaqların müasir uşaq ədəbiyyatı ilə yaxından tanış olmasına və müəlliflərlə ünsiyyət qurmasına şərait yaradıb.
Bununla yanaşı, Uşaq Kitabxanası tərəfindən “Kitabla böyüyürəm” adlı rəy sorğusu keçirilib. Sorğunun məqsədi uşaqların kitaba və mütaliəyə münasibətini, oxu maraqlarını, eləcə də kitabxana xidmətləri ilə bağlı fikir və təkliflərini öyrənmək olub.
Sərgi çərçivəsində həmçinin uşaq yazarı Çinarə Köçərlinin “Marya işıltısı” kitabının təqdimatı və əsər əsasında hazırlanmış səhnəciyin nümayişi olub. Balaca iştirakçıların ifasında təqdim olunan səhnəcik sərgi ziyarətçilərinin marağına səbəb olub, uşaqların yaradıcılıq qabiliyyətlərinin, səhnə mədəniyyətinin və bədii ədəbiyyata marağının inkişafına töhfə verib.
Uşaq yazarı Aygün Bünyadzadənin “Qara pambığın sərgüzəştləri” kitabının da təqdimatı keçirilib. Təqdimatın əsas məqsədi uşaqlarda kitaba marağı artırmaq, mütaliə vərdişlərini inkişaf etdirmək və onları bədii ədəbiyyatın zəngin dünyası ilə tanış etmək olub.
Kitabxana uşaqlar üçün maraqlı görüşlər, kitab təqdimatları və interaktiv tədbirlər təşkil edib. Stenddə Azərbaycan uşaq yazıçısı Fatimə Alxaz, türk uşaq yazarları Cansu Başak Yalçınkaya, Melihat Küçükaşçı, Selin Özan eləcə də illustratorlar Özge Yetik və Seda Akdağ uşaqlarla görüşüblər.
Türk uşaq yazarı Cansu Başak Yalçınkaya “Alaycı memo”, Selin Özan isə “Kuribik kurbağa ve kurabiye partisi” kitablarını musiqili nağıl formatında uşaqlara təqdim ediblər. Bədii mətnin musiqi və ifa ilə müşayiət olunduğu təqdimatlar balaca oxucuların diqqətini cəlb edib, tədbirə rəngarənglik qatıb. Uşaqlar nağıl qəhrəmanları və hadisələrin gedişi ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Azərbaycan uşaq yazarı Fatimə Alxaz da uşaqlarla görüş zamanı müəllifi olduğu kitablar haqqında ətraflı məlumat verib. Yazıçı əsərlərinin məzmunu və yaradıcılığı barədə danışıb, daha sonra uşaqların suallarını cavablandırıb.
Təşkil olunan görüşlər uşaqların kitaba və mütaliəyə marağının təşviqi, müasir uşaq ədəbiyyatının təbliği, eləcə də Azərbaycan və türk uşaq ədəbiyyatı nümayəndələri ilə oxucular arasında əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyət daşıyıb.