Bakı Ekspo Mərkəzində “Azərbaycan və özbək nağılları” kitabının təqdimatı olub
Bakı, 25 oktyabr, AZƏRTAC
Bakı Ekspo Mərkəzində keçirilən kitab sərgisi çərçivəsində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə Azərbaycan dilinə tərcümə olunmuş “Özbək nağılları” və özbək dilinə tərcümə olunmuş “Azərbaycan nağılları” kitabının təqdimat mərasimi olub.
AZƏRTAC xəbər verir ki, nəşrlər Azərbaycanın Özbəkistandakı səfirliyinin Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Respublika Uşaq Kitabxanasının birgə layihəsi əsasında çap edilib. Kitablardakı illüstrasiyalar 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Təsviri sənət və dizayn” dərnəyinin üzvləri və özbək məktəbliləri tərəfindən çəkilib.
Tədbir 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi şagirdlərinin ifasında kompozisiya və rəqslərlə başlayıb. Kiçik iştirakçılar nağıl qəhrəmanlarını canlandıraraq xeyirxahlıq, dostluq, cəsarət və ədalət kimi dəyərləri səhnələşdiriblər.
Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova çıxış edərək iki ölkə arasında ədəbi-mədəni əlaqələrin uğurla davam etdiyini vurğulayıb. O, folklor nümunələrinin qarşılıqlı tərcümə və nəşr olunmasının uşaqların dünyagörüşünün zənginləşməsində, fərqli mədəniyyətləri tanımasında və mütaliəyə həvəslənməsində mühüm rol oynadığını bildirib.
Tədbirdə çıxış edən filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Ağazadə, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Lalə Qəti, uzaq yazıçıları Zahid Xəlil, Solmaz Amanova, Sevinc Nuruqızı və naşir Tural Axundov bu cür layihələrin gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsində və xalqlar arasında mədəni körpülərin qurulmasındakı əhəmiyyətini diqqətə çatdırıblar.
Tədbirin əsas məqsədi Azərbaycan və Özbəkistan arasında ədəbi-mədəni əlaqələrin möhkəmləndirilməsi, uşaqlarda mütaliə mədəniyyətinin formalaşdırılması və folklor nümunələrinin gənc nəslə tanıdılmasıdır.