Asa Regner: “Sülh naminə gənclər” proqramının ikinci mərhələsinə start veririk
Bakı, 27 oktyabr, AZƏRTAC
“Sülh naminə gənclər” proqramı vasitəsilə gənclərin artıq nümayiş etdirdikləri liderlik keyfiyyətlərinə əsaslanmaq, qarşılaşdıqları maneələri aşmaqda onlara dəstək olmaq və zərurət yarandıqda təşəbbüslərinin əhatə dairəsini genişləndirməyə nail olmaq istəyirik. Proqramın ilk mərhələsi artıq əhəmiyyətli nəticələr verib. Belə ki, 50 gənc 400-dən çox mentorluq sessiyasında iştirak edib, UNESCO isə yerli təşəbbüsləri dəstəkləmək üçün yarım milyon ABŞ dolları vəsait ayırıb.
AZƏRTAC xəbər verir ki, bunu UNESCO-nun Baş direktorunun müavini Asa Regner VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən "Ortaq gələcək naminə mədəniyyətlərarası liderlik" mövzusunda plenar sessiyada çıxışı zamanı deyib.
“Sülh naminə gənclər” proqramının ikinci mərhələsinə start veririk. Həmin mərhələdə daha 50 gənc lider bir araya gətiriləcək və xüsusi diqqət süni intellekt dövründə mədəniyyətlərarası dialoqa yönəldiləcək. Həmçinin qeyd etmək istəyirəm ki, UNESCO üzv dövlətlərinin rəhbərliyi altında, rəqəmsal dövrdə gənclərin hüquqlarını, rifahını və fəaliyyət imkanlarını (subyektivliyini) qorumaq məqsədilə süni intellekt dövründə gənclər və rəqəmsal mühitə dair yeni beynəlxalq tövsiyə üzərində işə başlayıb. İcmalarla birbaşa işləyən liderlərin təcrübəsi bu səylərə töhfə verə, beynəlxalq standartların gənclərin üzləşdiyi reallıqlara uyğun olmasını təmin edə bilər", - deyə o diqqətə çatdırıb.