Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda əlçatan turizm imkanları diqqət mərkəzində olub
Bakı, 27 oktyabr, AZƏRTAC
“Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Ortaq gələcək naminə turizm: inklüzivlik, bərabərlik və icma liderliyi sülhün təməllərini necə möhkəmləndirir” adlı panel sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, panel sessiya Dövlət Turizm Agentliyi və Dünya Turizm Təşkilatının birgə tərəfdaşlığı ilə təşkil olunub.
Sessiyanın açılışında çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev BMT Turizmlə uğurlu əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O bildirib ki, Azərbaycanın beynəlxalq turizm platformalarında fəal iştirakı və nüfuzlu tədbirlərə ev sahibliyi etməsi ölkənin zəngin mədəni irsinin, milli ənənələrinin və turizm potensialının dünyada daha geniş tanıdılmasına mühüm töhfə verir.
Panel sessiyada turizm vasitəsilə inklüzivliyin, mədəni mübadilənin və icma liderliyinin təşviqinə yönəlmiş beynəlxalq təşəbbüslərin nümayəndələri çıxış ediblər.
Tədbirdə Dövlət Turizm Agentliyinin tabeliyindəki qoruqlarda tarixi-mədəni irsin qorunması və dayanıqlı inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Həmçinin qoruqlarda yaradıcı fəaliyyətin təşviqi, tarixi-mədəni irs obyektlərində yerli icmalar üçün yeni imkanların yaradılması və onların mədəni irsin mühafizəsinə cəlb olunmasının əhəmiyyəti diqqətə çatdırılıb.
Müzakirələr zamanı turizmin sosial inklüzivliyin təmin edilməsində, icmaların rifahının yüksəldilməsində, sosial həmrəyliyin və sülhün möhkəmləndirilməsində rolu xüsusi vurğulanıb.
Eyni zamanda, qadınların turizm sahibkarlığında iştirakının genişləndirilməsi, əlilliyi olan şəxslər üçün əlçatan turizm mühitinin formalaşdırılması, kənd və yerli icmaların turizmin inkişafına fəal cəlb olunması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.