Rusiya Kameruna və Konqoya informasiya müdaxiləsində ittiham edilir
Paris, 27 oktyabr, AZƏRTAC
Fransanın xarici işlər naziri Jan-Noel Barro Rusiyanı Kamerun və Konqo Respublikasında ictimai rəyi manipulyasiya etməyə yönəlmiş informasiya müdaxiləsi əməliyyatları həyata keçirməkdə ittiham edib. O, bu fəaliyyətlərə görə məsuliyyət daşıdığı ehtimal olunan şəxslərə qarşı Avropa İttifaqı səviyyəsində sanksiyaların tətbiqini tələb edəcəyini bildirib.
AZƏRTAC xəbər verir ki, Fransanın diplomatiya rəhbəri “X” sosial şəbəkəsində paylaşdığı açıqlamada Moskvanın Afrikada Parisin təsirini zəiflətməyə çalışdığını iddia edib.
Barronun sözlərinə görə, Fransanın xarici rəqəmsal müdaxilələri aşkarlamaq üzrə dövlət xidməti olan Viginumun bu gün dərc etdiyi hesabat Rusiyaya aid edilən təsir əməliyyatlarını üzə çıxarır. Nazir Kamerun və Konqo Respublikasını hədəf alan bu fəaliyyətlərdə iştirak edən şəxslərə qarşı Avropa sanksiyalarının tətbiqi məsələsini qaldıracağını açıqlayıb.
O, Rusiyanın insanların düşüncələrini müstəmləkələşdirməyə çalışdığını, lakin buna nail ola bilməyəcəyini iddia edib.
Moskva ilə Paris arasında Afrikada nüfuz uğrunda rəqabətin gücləndiyi bir vaxtda səsləndirilən bu ittihamlara Rusiya, Kamerun və Konqo Respublikası hələlik açıq münasibət bildirməyib.
Maraqlıdır ki, bu açıqlamalar oktyabrın 28–29-da Moskvada keçiriləcək üçüncü Rusiya–Afrika sammiti ərəfəsinə təsadüf edir. Kreml 48 Afrika ölkəsinin sammitdə iştirakını təsdiqlədiyini, onlardan 22-sinin dövlət başçıları səviyyəsində təmsil olunacağını bildirib. Görüşün əsas məqsədi Rusiya ilə Afrika ölkələri arasında siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığı gücləndirməkdir.