Agentlik: 20 Somali vətəndaşı Azərbaycanın ali təhsil müəssisələrində təhsil alacaq
Bakı, 27 oktyabr, AZƏRTAC
2026-2027-ci tədris ilində 20 Somali vətəndaşı Azərbaycanın ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.
Bu barədə AZƏRTAC-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, Somali vətəndaşları Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Tibb Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Ali Neft Məktəbi, Milli Aviasiya Akademiyası, Xəzər Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetində bakalavriat, magistratura və rezidentura səviyyələri üzrə təhsil alacaqlar.
Təhsil proqramları humanitar və sosial elmlər, təbiət elmləri, texniki və texnoloji ixtisaslar, iqtisadiyyat və idarəetmə, kənd təsərrüfatı, eləcə də rezidentura istiqamətlərini əhatə edir.
Bildirilib ki, Somali vətəndaşlarının Azərbaycanda təhsili Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Somali Federativ Respublikasının Təhsil, Mədəniyyət və Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında saziş çərçivəsində həyata keçiriləcək.