Sabunçuda şagirdlər üçün antinarkomaniya mövzusunda maarifləndirici tədbir təşkil olunub
Bakı, 27 oktyabr, AZƏRTAC
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində maarifləndirici tədbir təşkil edilib.
Bu barədə AZƏRTAC-a İşçi Qrupundan məlumat verilib. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Gənclərin Antinarkomaniya İctimai Birliyinin, Bakı Şəhər Narkoloji Mərkəzinin nümayəndələri mövzu ətrafında çıxış edərək şagirdlərə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar barədə ətraflı məlumat veriblər. Həmçinin narkotik asılılığının formalaşma mərhələləri izah edilib, mənəvi-əxlaqi dəyərlərin təbliği, xüsusən yetkinlik yaşına çatmayanların hüquqazidd əməllərdən çəkindirilməsi məqsədilə daimi söhbətlərin aparılmasının vacibliyi qeyd olunub.
Eyni zamanda, asudə vaxtın səmərəli təşkilinin, idman, incəsənət və ictimai faydalı əməklə məşğul olmağın əhəmiyyəti xüsusilə vurğulanıb, gələcək ixtisas və karyera seçimi ilə bağlı tövsiyələr verilib.
Sonda İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça müəllim heyətinə, “Rəqəmsal mühitdə gizli narkotik risklər”, “Psixotrop maddələr haqqında həqiqət”, “Məlumatlı ol, cinayət törətmə”, “Yeniyetmələr və gənclər üçün” adlı maarifləndirici materiallar isə şagirdlərə paylanılıb.