Bakıdakı mərkəzin məqsədi Azərbaycanda innovasiya ekosisteminin formalaşmasına töhfə verməkdir
Bakı, 27 oktyabr, AZƏRTAC
Biz qısa müddətdə real nəticələr əldə etmək, sahibkarlıq fəaliyyətini genişləndirmək və yeni şirkətlərin yaradılmasını təşviq etmək istəyirik. Məqsədimiz Azərbaycanda, eləcə də Mərkəzi Asiyanın digər ölkələrində daha çox sahibkarın uğurlu bizneslər qurmasına dəstək olmaqdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri İspaniyanın IE Universitetinin prezidenti Santyaqo İniguez de Onzono Azərbaycanda lE Liderlik və İnnovasiya Mərkəzinin açılış mərasimində deyib.
O bildirib ki, universitetin Segovia və Madriddə yerləşən iki kampusu vahid təhsil təcrübəsi təqdim edir və 6 müxtəlif məktəbi əhatə edir.
Universitetin inkişaf tarixindən danışan natiq qeyd edib ki, yeni təşəbbüslərin həyata keçirilməsində strateji baxışla yanaşı, çeviklik və operativ nəticələr əldə etmək əzmi də mühüm əhəmiyyət daşıyır: “Bununla belə, müasir dövrdə universitetlərin və innovasiya mərkəzlərinin inkişafı üçün əsrlərlə gözləməyin mümkün deyil. Biz bu universitetin uğurlarını real vaxt rejimində görmək istəyirik. Həyatımızın özündə konkret nəticələrə nail olmağı hədəfləyirik. Bakıda yeni mərkəzin yaradılması da məhz bu yanaşmaya əsaslanır. Son bir il ərzində tərəfdaşlar arasında ortaq baxış formalaşıb, Azərbaycanın fəal sahibkarlıq mədəniyyətinin inkişafı üçün böyük potensiala və yüksəkixtisaslı istedadlı kadrlara malik olduğu qənaətinə gəlinib”.
İcraçı prezident qeyd edib ki, qarşıdakı 5-10 il ərzində nəzərəçarpacaq nəticələr əldə etmək, sahibkarlıq təşəbbüslərini dəstəkləmək, startapların və yeni şirkətlərin yaranmasına şərait yaratmaq əsas hədəflərdəndir: “Bu baxımdan, təhsil sahəsində müxtəlif təşəbbüsləri birləşdirən ortaq baxış tərəfdaşlar arasında əməkdaşlığın əsasını təşkil edir. Ənənəvi və nüfuzlu universitetlərlə rəqabət aparmaq cəsarətli yanaşma tələb edir. Bunun üçün sahibkarlıq düşüncəsi, innovativlik, çeviklik və mövcud yanaşmalardan kənara çıxmaq bacarığı vacibdir. Universitetin təhsil modelinin əsasını liderlik, innovasiya və humanitar elmlərin insanın inkişafında transformativ rolu ilə texnoloji nailiyyətlərin vəhdəti təşkil edir. Məqsəd yalnız Bakıda və Azərbaycanda deyil, daha geniş coğrafiyada müsbət dəyişikliklərə töhfə verməkdir”.
O, Bakıya səfərlər zamanı yerli məzunlarla və tələbələrlə keçirilən görüşlərin də müsbət təəssürat yaratdığını bildirib: “Azərbaycanın ən böyük üstünlüklərindən biri istedadlı gəncləridir. Həmin potensialın düzgün istiqamətləndirilməsi ölkədə əlavə dəyərin yaradılmasına, startapların inkişafına, yeni şirkətlərin formalaşmasına və iqtisadi artımın sürətlənməsinə şərait yarada bilər. Biz bu potensialı hərəkətə gətirmək və prosesə katalizator olmaq üçün buradayıq”.
IE Universitetinin beynəlxalq fəaliyyətindən danışan natiq bildirilib ki, universitetin əsas kampusları İspaniyada yerləşsə də, onun beynəlxalq fəaliyyəti ABŞ-də və digər məkanlarda da genişlənir. Həmçinin Berkeley şəhərində innovasiyalar üçün yeni mərkəzin açılmasına hazırlıq görülür.
"Bakıdakı təşəbbüsün əsas məqsədi təhsil, texnologiya və sahibkarlıq arasında əlaqələri gücləndirmək, yerli istedadların inkişafına dəstək vermək və Azərbaycanda innovasiya ekosisteminin formalaşmasına töhfə verməkdir", - deyə Santiago İniguez de Onzono əlavə edib.
Foto - Xanlar Əlizadə