Ortaq gələcək naminə mədəniyyətlərarası liderlik - plenar sessiya
Bakı, 27 oktyabr, AZƏRTAC
Oktyabrın 27-də VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Ortaq gələcək naminə mədəniyyətlərarası liderlik" mövzusunda plenar sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, sessiyada açılış nitqi ilə çıxış edən UNESCO-nun Baş direktorunun müavini Asa Regnerin sözlərinə görə dünyada cəmiyyətlər heç vaxt olmadığı qədər bir-biri ilə əlaqəlidir, eyni zamanda, dərin parçalanma ilə üzləşir. Ətrafımızda nə qədər səs-küy və ünsiyyət olsa da, insanlar bəzən özlərini əvvəlkindən daha tənha hiss edirlər. Belə bir şəraitdə mədəniyyətlərarası liderlik – müxtəlif baxışları anlamaq, icmalar arasında etimad yaratmaq, insanları ortaq həllər və yeni ideyalar ətrafında birləşdirmək bacarığı mühüm əhəmiyyət daşıyır. UNESCO-da hesab edilir ki, gənclər bu səylərə cəlb edilməlidirlər. Onlar yalnız siyasət və proqramların faydalanan tərəfi deyil, həm də həmin siyasətlərin hazırlanması və həyata keçirilməsində tərəfdaş olmalıdırlar.
“Sülh naminə gənclər” proqramı barədə məlumat verən A.Regner bildirib ki, proqram vasitəsilə gənclərin artıq nümayiş etdirdikləri liderlik keyfiyyətlərinə əsaslanmaq, qarşılaşdıqları maneələri aşmaqda onlara dəstək olmaq və zərurət yarandıqda təşəbbüslərinin əhatə dairəsini genişləndirməyə nail olmaq hədəflənib: “Proqramın ilk mərhələsi artıq əhəmiyyətli nəticələr verib. Belə ki, 50 gənc 400-dən çox mentorluq sessiyasında iştirak edib, UNESCO isə yerli təşəbbüsləri dəstəkləmək üçün yarım milyon ABŞ dolları vəsait ayırıb. "Sülh naminə gənclər” proqramının ikinci mərhələsinə start veririk. Həmin mərhələdə daha 50 gənc lider bir araya gətiriləcək və xüsusi diqqət süni intellekt dövründə mədəniyyətlərarası dialoqa yönəldiləcək. Həmçinin qeyd etmək istəyirəm ki, UNESCO üzv dövlətlərinin rəhbərliyi altında, rəqəmsal dövrdə gənclərin hüquqlarını, rifahını və fəaliyyət imkanlarını qorumaq məqsədilə süni intellekt dövründə gənclər və rəqəmsal mühitə dair yeni beynəlxalq tövsiyə üzərində işə başlayıb. İcmalarla birbaşa işləyən liderlərin təcrübəsi bu səylərə töhfə verə, beynəlxalq standartların gənclərin üzləşdiyi reallıqlara uyğun olmasını təmin edə bilər".
Çıxış edən gənclər və idman nazirinin müavini Fərhad Hacıyev Azərbaycan üçün mədəniyyətlərarası dialoqun mühüm milli dəyər və strateji prioritet olduğunu diqqətə çatdırıb: “Prezident İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə başlanan Bakı Prosesi qarşılıqlı anlaşmanın, mədəni müxtəlifliyin və sivilizasiyalararası əməkdaşlığın təşviqinə xidmət edir”.Fərhad Hacıyev gənclərin liderlik potensialının inkişafı üçün təcrübə, mentorluq və fərqli düşüncəli insanlarla əməkdaşlıq imkanlarının vacibliyini vurğulayıb: “Azərbaycanda 300-dən çox gənclər qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. Hər il təxminən 2 milyon şagird təhsil alır, 200 min tələbə isə ali təhsil müəssisələrində oxuyur. Gənclər ölkənin gələcək liderlik potensialını və insan kapitalını təşkil edir”.
O, UNESCO-nun “Youth for Peace: UNESCO Intercultural Leadership” proqramına dünyanın müxtəlif ölkələrindən 8 mindən çox müraciət arasından 50 gənc liderin seçildiyini də qeyd edib.
Plenar sessiya "Empowered By Vee (EBV)" təşkilatının direktoru Varaidzo (Vee) Kativhunun moderatorluğu ilə müzakirələrlə davam edib.
“Konstelacio” təşkilatının təsisçisi və prezidenti Şarlotta Kurtua bildirib ki, insanlar arasında qarşılıqlı etimad olmadan sağlam və davamlı mədəniyyətlərarası münasibətlər qurmaq mümkün deyil. Mədəniyyətlərarası münasibətlər müxtəlif insanlar arasında əlaqə yaratmaq deməkdir. Onun sözlərinə görə, icmalarda etimadın yaradılması üçün üç əsas bacarıq vacibdir: öz həssaslığını və zəif tərəflərini qəbul etmək, maraq və öyrənməyə açıqlıq, öz baxış bucağından kənara çıxmaq, yaxud başqasının mövqeyini anlamaq bacarığı. Lider kimi etimad qazanmaq üçün isə səmimi olmaq, öz dəyərlərini davranışlarda əks etdirmək, düzgün suallar vermək və başqalarını həqiqətən dinləmək lazımdır. O vurğulayıb ki, liderlik bəzən insanlara cavablar verməkdən daha çox, düzgün suallar verməyi bacarmaqdır.
"Trilhar" şirkətinin təsisçisi və baş icraçı direktoru Tales Guarisa Gomes Tales Gomes bildirib ki, mədəniyyətlərarası əməkdaşlıq üçün insanların eyni fikirdə olması deyil, fərqli baxışları birləşdirən ortaq məqsədin olması vacibdir. Onun sözlərinə görə, qərarların qəbulunda hələ fikrini bildirməmiş insanların da mövqeyi nəzərə alınmalı, problemlərin həllində müxtəlif yanaşmalardan istifadə edilməlidir. O, Braziliyada “Let’s Build for Beaks” proqramı çərçivəsində yüzlərlə gəncin miqrasiya, əlçatanlıq, ətraf mühit və bərabərsizlik kimi problemlərə həsr olunmuş 43 layihə hazırladığını diqqətə çatdırıb. “Mədəniyyətlərarası liderlik fərqləri aradan qaldırmaq deyil, onları səmərəli etməkdir”, - deyə Tales Guarisa Gomes vurğulayıb.
Afrika üzrə Qlobal Öyrənmə Mərkəzinin təsisçisi və icraçı direktoru Simon Eten qlobal vətəndaşlıq təhsili mövzusunda apardığı araşdırmalar barədə məlumat verərək qeyd edib ki, əksər təhsil sistemlərində məktəb proqramları hələ də Avropa mərkəzlidir. Tədris zamanı İngiltərə, Avropa və ABŞ-a daha çox, Asiya, Afrika və Latın Amerikası kimi regionlara isə daha az diqqət yetirilir. Çıxışçı bildirib ki, şagirdlərin müxtəlif mədəniyyətlər haqqında öyrənməsi müəllimlərin şəxsi təşəbbüsündən və təsadüfdən asılı qalmamalıdır. O, mədəniyyətlərarası öyrənmənin məqsədyönlü təhsil siyasətinə çevrilməsinin vacibliyini vurğulayıb. Bunun üçün müəllimlərin tədris etdikləri dərslərə mədəniyyətlərarası baxışları daxil etmək bacarıqları inkişaf etdirilməlidir. Müəllimlər tədris etdikləri fənn və dərsin mövzusundan asılı olmayaraq, mədəniyyətlərarası baxışları dərslərinə inteqrasiya etməyi və ya daxil etməyi bacarmalıdırlar.
"Teach For Bangladesh" təşkilatının baş icraçı direktoru Munia İslam Mozumder mədəniyyətlərarası liderlik təcrübəsi zamanı etimadın süni şəkildə yaradılmasının mümkün olmadığını anlayıb. Etimadın formalaşması üçün vaxt vermək, icma üzvlərini və şagirdləri dinləmək, həll yollarını onların öz iştirakı ilə müəyyənləşdirmək vacibdir. Natiqin sözlərinə görə, dialoq, diqqətlə dinləmək və öyrənməyə hazır olmaq məktəbdə və icmada etimadın qurulmasına kömək edir.
BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi Tevfik Karpuzcu "Sülh naminə gənclər” proqramı çərçivəsində Türkiyədə yaşayan və təhsil alan, 22 müxtəlif milləti təmsil edən 23 beynəlxalq tələbə ilə müsahibə apardığını bildirib. Tədqiqat zamanı kimlik, mənsubiyyət hissi və mədəniyyətlərarası qarşılıqlı münasibətlər araşdırılıb. O qeyd edib ki, insanlar öz mədəni kimliklərini və kökləri ilə əlaqələrini qorumaqla yanaşı, yeni ölkədə də həyat qura bilərlər. Yerli dilin öyrənilməsi, birgə yemək və dostluq əlaqələri insanlar arasında yaxınlıq yaratsa da, dil maneələri, mədəni anlaşılmazlıqlar və stereotiplər bu prosesi çətinləşdirə bilər. O vurğulayıb ki, mədəniyyətlərarası liderlik insanları dinləmək, onların öz hekayələrini danışmasına şərait yaratmaq və mənalı ünsiyyət imkanları qurmaqdan başlayır. İnsanlar öz kimliklərini və mədəni köklərini qoruyub saxlamaqla yanaşı, özlərini mənsub olduqları cəmiyyətin bir hissəsi kimi də hiss edə bilməlidirlər. Onun sözlərinə görə, məqsəd hamını eyniləşdirmək deyil, fərqliliklərə baxmayaraq, insanların bir-birini anlamasına və birlikdə işləməsinə nail olmaqdır. Müxtəliflik məhz bu yolla parçalanma səbəbi deyil, kollektiv güc mənbəyi ola bilər.