QMİ sədri: Azərbaycan dini-mədəni müxtəlifliyin harmoniyasını bütün dünyaya nümayiş etdirir
Bakı, 27 oktyabr, AZƏRTAC
Azərbaycan dini-mədəni müxtəlifliyin harmoniyasına və məzhəblərarası anlaşmaya əsaslanan cəmiyyətin mümkünlüyünü öz nümunəsində bütün dünyaya nümayiş etdirir.
AZƏRTAC xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Bakıda keçirilən “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları ilə görüşündə deyib.
O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən Bakı Prosesi və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları sivilizasiyalararası əməkdaşlığın inkişafına mühüm töhfə verir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu milli və dini tolerantlıq ənənələri bu gün uğurla davam etdirilir və inkişaf etdirilir. Müxtəlif mədəniyyətlərin bir arada olması, bir-birindən bəhrələnməsi Uca Yaradanın lütfü və istəyidir. Xalqların bir-birini tanıması, öyrənməsi və qarşılıqlı anlaşma şəraitində yaşaması bəşəri dəyərlərin əsasını təşkil edir.
"Azərbaycanın dinlərarası dialoq və məzhəblərarası anlaşma sahəsindəki təcrübəsi beynəlxalq səviyyədə əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Əminəm ki, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünyada sülhün, əmin-amanlığın və mədəniyyətlərarası harmoniyanın möhkəmlənməsinə öz layiqli töhfəsini verəcək", - deyə şeyxülislam vurğulayıb.