Hindistanda “Arnab” qasırğası ilə əlaqədar 180 mindən çox insan təxliyə edilib
Bakı, 28 oktyabr, AZƏRTAC
Hindistanda “Arnab” qasırğasının ölkənin şərq sahillərinə yaxınlaşması ilə əlaqədar Andhra-Pradeş və Odişa ştatlarından 180 mindən çox insan təxliyə edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Reuters” agentliyi rəsmi şəxslərə istinadla məlumat yayıb.
Hindistan Meteorologiya Departamentinin çox güclü siklon fırtınası kimi təsnif etdiyi qasırğa gözlənilən vaxtdan əvvəl quruya çatmağa başlayıb. Lakin sahilə yaxınlaşdıqca sürəti azalıb, mərkəzi isə Benqal körfəzi üzərində qalıb.
Hakimiyyət orqanları küləyin sürətinin saatda 115-125 kilometrə, küləyin güclü həmlələrinin isə saatda 140 kilometrə çatacağını proqnozlaşdırıblar. Dəniz suyunun səviyyəsinin adi qabarma həddindən 1-1,5 metr yüksələ biləcəyi, bunun da alçaq ərazilərin su altında qalmasına səbəb ola biləcəyi bildirilir.
Məlumata görə, hesabat yayımlananadək hər iki ştatda insan tələfatı qeydə alınmayıb. Bununla belə, ağaclar aşıb, elektrik enerjisinin verilişində fasilələr yaranıb, bəzi məktəblər bağlanıb, qatar və təyyarə reysləri ləğv edilib. Andhra-Pradeş ştatında üç hava limanının fəaliyyəti də dayandırılıb.
Qonşu Nepalda isə hakimiyyət orqanları turistləri yaxın günlərdə Himalay dağlarının yüksək ərazilərinə səfər etməməyə çağırıblar. Buna səbəb güclü yağışların, qar yağmasının və uçqunlarının baş verməsi ehtimalıdır.