Deputat: İqlim hədəflərini müəyyən etməkdən daha vacibi onları real nəticələrə çevirməkdir
Bakı, 28 oktyabr, AZƏRTAC
Bu gün müzakirə etdiyimiz məsələ milli səviyyədə müəyyən edilmiş töhfələrin və enerji sektorunun dekarbonizasiyası həm qlobal iqlim gündəliyi, həm də Azərbaycanın uzunmüddətli iqtisadi inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir.
AZƏRTAC xəbər verir ki, bunu COP29-un yüksəksəviyyəli iqlim çempionu, Milli Məclisin deputatı Nigar Arpadarai "Milli səviyyədə müəyyən edilmiş töhfələrin Azərbaycanda icrasının sürətləndirilməsi: Dayanıqlı inkişaf üçün enerji sektorunun dekarbonizasiyasının təşviqi” mövzusunda 9-cu Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunda deyib.
O bildirib ki, özəl sektor yalnız maliyyə mənbəyi deyil, eyni zamanda, texnologiya, innovasiya, idarəetmə təcrübəsi və yeni biznes modelləri gətirir: “Buna görə də biznesi iqlim siyasətinin kənarda dayanan tərəf kimi deyil, onun həyata keçirilməsində əsas tərəflərdən biri kimi qəbul etməliyik. Biz iqlim dəyişmələri ilə mübarizə mövzusunda cəmiyyətin bütün aktorları ilə işləməyə indi də davam edirik. Qlobal iqlim öhdəliklərinə yalnız beynəlxalq gündəlik kimi deyil, Azərbaycanın milli inkişaf məqsədləri baxımından da yanaşmaq lazımdır. Biz hər bir qlobal təşəbbüsün ölkəmizin iqtisadi maraqları, enerji təhlükəsizliyi, rəqabət qabiliyyəti və uzunmüddətli inkişaf perspektivləri ilə əlaqəsini nəzərə almalıyıq. "NDC prosesinin də mahiyyəti məhz budur: qlobal iqlim məqsədləri ilə milli maraqları bir-birinə qarşı qoymaq deyil, onların kəsişdiyi və bir-birini gücləndirdiyi sahələri müəyyən etməkdir. Azərbaycanın yenilənmiş “NDC3” sənədində 90-cı ilin baza səviyyəsi ilə müqayisədə istixana effekti yaradan qazların emissiyalarının 35-ci ilə dək 40 faiz azaldılması hədəfi müəyyən edilib”.
"Qarşımızda daha yaxın zaman çərçivəsində yerinə yetirilməli olan konkret öhdəlik dayanır. Eyni zamanda, bu hədəfə nail olunması əlavə beynəlxalq maliyyə dəstəyi, texnologiyaların əlçatanlığı və ötürülməsi, potensialın artırılması, eləcə də meşələrin və digər ekosistemlərin karbon udma imkanları kimi şərtlərlə əlaqələndirilib. İqlim sahəsində hədəflər müəyyən etmək vacibdir, lakin əsas məsələ bu hədəfləri real nəticəyə çevirməkdir. “NDC3” üçün uğur yalnız emissiyaların neçə faiz azalması ilə ölçülməməlidir. Bu proses ölkə iqtisadiyyatına nə dərəcədə modernləşdirildiyi, enerji səmərəliliyinin nə qədər yüksəldiyi, yeni iqtisadi sahələrin və texnologiyaların nə dərəcədə cəlb edildiyi ilə qiymətləndirilməlidir. Azərbaycanda enerji sektorunun dekarbonizasiyası haqqında danışarkən ilk növbədə ölkəmizin iqtisadi reallıqları da nəzərə almalıyıq. Azərbaycanın neft-qaz sənayesi yalnız iqtisadi tariximizin bir hissəsi deyil, bu sektor ölkəmizin sənaye potensialının, enerji infrastrukturunun, mühəndislik təcrübəsinin və beynəlxalq iqtisadi əlaqələrin formalaşmasında mühüm rol oynayıb" - deyə deputat əlavə edib.
Foto - Aydın Məmmədov