Sunniya Durrani-Camalı: AİB regional yaşıl enerji əlaqələrinin qurulması istiqamətində iş aparır
Bakı, 28 oktyabr, AZƏRTAC
Bakı Metropoliteni sisteminin genişləndirilməsi və rəqəmsallaşdırılması şəhər hərəkətliliyini yaxşılaşdıracaq, aşağı karbonlu nəqliyyat həllərini təşviq edəcək.
AZƏRTAC xəbər verir ki, bunu Asiya İnkişaf Bankının (AİB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sunniya Durrani-Camalı “Milli səviyyədə müəyyən edilmiş töhfələrin Azərbaycanda icrasının sürətləndirilməsi: Dayanıqlı inkişaf üçün enerji sektorunun dekarbonizasiyasının təşviqi” mövzusunda 9-cu Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunda deyib.
O bildirib ki, nəqliyyat sahəsi ilə yanaşı, AİB regional yaşıl enerji əlaqələrinin qurulması istiqamətində də iş aparır.
“Bu təşəbbüs sərhədlərarası elektrik enerjisi ötürülməsini və bərpaolunan enerjinin inteqrasiyasını asanlaşdıracaq, yaşıl enerji investisiyalarının faydalarının ölkələr arasında yayılmasına imkan verəcək. Azərbaycanda su infrastrukturuna əlavə investisiyalar sistemin etibarlılığını gücləndirəcək, ekstremal və gözlənilməz hava şəraitinə qarşı dayanıqlılığı artıracaq. Bankın özəl sektor əməliyyatları Azərbaycanda Günəş enerjisi layihələrinin ilk mərhələsinin dəstəklənməsində mühüm rol oynayıb. Layihələrin maliyyələşdirilməsi ilə yanaşı, AİB onların həyata keçirilməsini gücləndirmək üçün texniki dəstək də göstərir”, - deyə nümayəndəliyin rəhbəri vurğulayıb.
Sunniya Durrani-Camalının sözlərinə görə, AİB, həmçinin Azərbaycan Mərkəzi Bankına yaşıl maliyyə çərçivəsinin hazırlanmasında dəstək göstərib. O, bu çərçivənin artıq kommersiya banklarına tətbiq edildiyini bildirib: “Bank, eyni zamanda, Maliyyə Nazirliyinə yaşıl istiqraz çərçivəsi proqramı üzrə dəstək verib. Bu təşəbbüs kapital bazarlarının inkişafına kömək edəcək. Bu təşəbbüslər hökumətin müxtəlif qurumları arasında əməkdaşlığı əhatə edir və tərəfdaşlıqlar uğurun əsas şərtlərindəndir. Bu əməkdaşlıq dövlət və özəl sektor, hökumətlər və istehlakçılar, eləcə də indiki və gələcək nəsillər arasında əlaqələri əhatə edir”.
Foto - Aydın Məmmədov