Rusiya səmasında 531 dron vurulub: yaralananlar və dağıntılar var
Moskva, 28 oktyabr, AZƏRTAC
Rusiya hava hücumundan müdafiə qüvvələri gecə saatlarında Ukraynanın 531 stasionar qanadlı dronunu ələ keçirib və ya məhv edib.
AZƏRTAC xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi dronların 27 oktyabr saat 20:00-dan 28 oktyabr saat 08:00-dək Rusiya ərazisi üzərində vurulduğunu bildirib.
Hücumlar nəticəsində bir neçə bölgədə yaşayış binalarına və infrastruktura ziyan dəyib, habelə xəsarət alanlar olub.
Lipetsk vilayətinin qubernatoru İqor Artamonovun sözlərinə görə, bölgə üzərində 45 dron məhv edilib. Bir nəfər tibbi yardım üçün müraciət edib, lakin onun xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb. Lipetskdə dron qalıqları mənzil binasının pəncərələrini zədələyib. Bağçılıq icmasında və Dankovski rayonunda da dron hücumları qeydə alınıb. Meşə plantasiyasında baş verən yanğın söndürülüb.
Tula vilayətinin Novomoskovsk şəhərində vurulan dronların qalıqları çoxmənzilli binalara, fərdi evlərə və bitişik sənaye zonasındakı infrastruktura zərər vurub. Qubernator Dmitri Milyayev təcili yardım xidmətlərinin hadisə yerində işlədiyini və mümkün itkilər barədə məlumatların dəqiqləşdirildiyini bildirib.
Ryazan vilayətində gecə saatlarında dörd dron vurulub. Qubernator Pavel Malkovun sözlərinə görə, Miloslavski rayonunda iki fərdi ev yanıb, xəsarət alan olmayıb.
Belqorod vilayətində son 24 saat ərzində 140 hücum qeydə alınıb. Qubernator Aleksandr Şuvayevin sözlərinə görə, Qraivoronski rayonunda bir mülki şəxs həlak olub, Koroça və Şebekinski rayonlarında isə dörd nəfər yaralanıb. Yaralılardan ikisinin vəziyyəti ağırdır.