“Neftçi”nin baş icraçı direktoru: Mövsümü çempionluq və titullarla başa vurmaq istəyirik
Bakı, 28 oktyabr, AZƏRTAC
“Neftçi”nin bu mövsüm əsas hədəfi çempionluq qazanmaq və kuboklara sahib olmaqdır. Klubumuz gələcəkdə Avropa turnirlərinin qrup mərhələsində çıxış etməyi və bunu davamlı nəticəyə çevirməyi planlaşdırır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Neftçi”nin baş icraçı direktoru Cenk Sümer deyib.
O, bu il 90 illik yubileyini qeyd edən “ağ-qaralar”ın uğurlu nəticələrə kökləndiyini bildirib: “Hədəflərimiz dəyişməzdir. Mövsümün əvvəlindən çempionluq uğrunda mübarizə aparacağımızı və kuboklara iddialı olacağımızı demişik. Mövsümü titullarla başa vurmaq istəyirik. Təkcə bu mövsüm deyil, hər il “Neftçi”nin məqsədi kuboklar qazanmaqdır. Bu mövsüm heyətimiz dəyişib, komandanın səviyyəsi yüksəlib. Oyunlar da çox gərgin keçir. Ötən illərlə müqayisədə çempionat daha rəqabətlidir. Bu da sevindirici haldır. Artıq doqquzuncu tur geridə qalsa da, turnir cədvəlinin yuxarı pillələrində vahid lider yoxdur. “Sabah” və “Qarabağ” da daxil olmaqla, komandalar mübarizəni davam etdirirlər. İki ildən artıqdır ki, klubda yenidənqurma prosesi aparılır. İndi bu investisiyaların və görülən işlərin nəticəsini əldə etmək istəyirik. Baş məşqçimiz, komandamız, texniki heyətimiz və rəhbərliyimiz eyni məqsəd uğrunda çalışır”.
Qış transfer pəncərəsində heyətdə dəyişikliklərin mümkünlüyünə də toxunan C.Sümer klubun müəyyən planlarının olduğunu və bu istiqamətdə işlərin davam etdiyini vurğulayıb: “Hazırda hamını bu sual maraqlandırır. “Neftçi”də transfer prosesi heç vaxt tam dayanmır. Ötən qış Brenonu, bu yay isə 10 futbolçunu transfer etdik. Onlardan doqquzu yeni oyunçu idi, Varqasın isə icarə müqaviləsini satınalma ilə əvəzlədik. Baş məşqçinin təqdim edəcəyi hesabat və öz planlarımız əsasında namizədləri nəzərdən keçiririk. Skaut departamentimiz də futbolçuları canlı izləyir. Buna görə qışda yeni transferlərin reallaşması mümkündür. Ancaq hazırda bu məsələ ilə bağlı dəqiqləşmiş qərar yoxdur”.
Qeyd edək ki, “Neftçi” Premyer Liqanın turnir cədvəlində 18 xalla ikinci pillədə qərarlaşıb.
Müxbir – Cavid Əliyev