Azərbaycanın dövlət borcu 23,8 milyard manatdır
Bakı, 28 oktyabr, AZƏRTAC
Oktyabrın 1-nə Azərbaycanın dövlət borcu (daxili və xarici dövlət borcu) 23 milyard 896,3 milyon manat və ya cari il üzrə 138 milyard 39,2 milyon manat məbləğində proqnozlaşdırılan ümumi daxili məhsulun (ÜDM) 17,3 faizini təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi tərəfindən hazırlanan 2026-cı ilin 9 ayı üzrə dövlət borcuna dair hesabatda deyilir.
Bildirilir ki, ümumi dövlət borcunun 7 milyard 666,2 milyon manatı (4 milyard 509,5 milyon ABŞ dolları) və ya 32,1 faizi xarici dövlət borcunun, 16 milyard 230,1 milyon manatı və ya 67,9 faizi daxili dövlət borcunun payına düşür.
Hesabat tarixinə Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya sənədi ilə müəyyən olunmuş dövlət borcunun ÜDM-ə nisbət göstəricisinin 30 faizdən çox olmaması və xarici dövlət borcunun 10 milyard ABŞ dollarını üstələməməsi üzrə yuxarı hədlər gözlənilib.
Oktyabrın 1-nə Strategiyada nəzərdə tutulan faiz dərəcəsi riskinin məqbul səviyyədə saxlanılması məqsədilə dəyişkən faizli borcun ümumi borc portfelində payının 50 faizi keçməməsi üzrə hədəf gözlənilib və dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər ümumi borc portfelinin 15,6 faizini təşkil edib.