Səhiyyə sistemindəki son dəyişikliklər koordinasiyalı idarəçiliyə doğru yeni mərhələnin başlanğıcıdır
Bakı, 28 oktyabr, AZƏRTAC
Səhiyyə sistemində baş verən son dəyişiklikləri islahatların davamı kimi qiymətləndirmək lazımdır. İcbari tibbi sığortaya keçid dövlət tibb müəssisələrinin maliyyələşmə və idarəetmə prinsiplərinin yenidən qurulmasını tələb edirdi. Bu prosesdə xəstəxanaların yeni sistemə uyğunlaşdırılması, idarəçiliyin çevikləşdirilməsi və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi xüsusi əhəmiyyət daşıyırdı. TƏBİB məhz həmin keçid dövründəki ehtiyaclara cavab vermək üçün yaradılmış idarəetmə strukturu idi. İndi onun Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi səhiyyədə yeni mərhələyə keçidi ifadə edir. Keçid dövründə formalaşmış mexanizmlərin vahid strateji idarəetmə çərçivəsində əlaqələndirilməsi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri, siyasi şərhçi Cəsarət Hüseynzadə deyib.
O bildirib ki, bu dəyişiklikdən gözlənti səhiyyə sistemində koordinasiyanın və məsuliyyətin güclənməsi, təkrarlanan funksiyaların aradan qaldırılması, qərarların daha çevik qəbul edilməsi və dövlət tibb müəssisələrində xidmət keyfiyyətinə vahid yanaşmanın təmin olunmasıdır. İslahatların nəticələri vətəndaşların gündəlik həyatında, tibbi xidmətə əlçatanlıqda, xidmətin keyfiyyətində və məmnunluqda hiss edilməlidir. Keçid islahatlarının əhəmiyyəti də məhz bundadır. Dəyişikliklər idarəetmə modelini yeniləməklə yanaşı, əhalinin sağlamlığının qorunmasına və vətəndaşyönümlü xidmətlərin gücləndirilməsinə xidmət etməlidir.
QHT sədri qeyd edib ki, TƏBİB-in yaradılması bir mərhələnin tələbi idisə, indiki dəyişiklik vahid və daha koordinasiyalı səhiyyə idarəçiliyinə doğru yeni mərhələnin başlanğıcıdır. Qarşıda duran vacib vəzifələrdən biri də səhiyyədə rəqəmsal inteqrasiyanın gücləndirilməsidir. Mövcud informasiya sistemlərinin inteqrasiyası, məlumat mübadiləsinin təkmilləşdirilməsi və rəqəmsal idarəetmə imkanlarının genişləndirilməsi səhiyyə xidmətlərinin daha səmərəli təşkili və həkimlərin fəaliyyətinə nəzarətin gücləndirilməsi baxımından əhəmiyyətlidir. Özəl səhiyyə müəssisələrinə aid məlumat bazalarının vahid səhiyyə informasiya sisteminə inteqrasiyası da bu sahədə şəffaflığın və hesabatlılığın artırılmasına töhfə verə bilər.
“Hesab edirəm ki, səhiyyə sistemində ictimai iştirakçılığın gücləndirilməsi də vacib məqamlardan biri olmalıdır. Ümid edirəm ki, yeni modeldə bu istiqamətə xüsusi diqqət ayrılacaq və vətəndaş cəmiyyəti ilə əməkdaşlıq genişlənəcək. Bu əməkdaşlıq əhalinin sağlamlığının qorunmasına və vətəndaş məmnunluğunun artırılmasına xidmət edən mühüm vasitələrdən biri ola bilər”, - deyə C.Hüseynzadə vurğulayıb.