Süni intellekt modellərində milli dəyərlərin gələcək nəsillərə ötürülməsi yolları təklif edilib
Bakı, 28 oktyabr, AZƏRTAC
“Ortaq gələcək naminə dialoq” mövzusunda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində süni intellekt modellərində milli-mədəni dəyərlərin əks olunması və gələcək nəsillərə ötürülməsi məsələləri diqqətə çatdırılıb.
AZƏRTAC xəbər verir ki, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli çıxışında süni intellektin inkişafı fonunda mədəni suverenliyin qorunması və müxtəlif cəmiyyətlərin dəyərlərinin gələcək nəsillərə çatdırılması yollarından danışıb. O bildirib ki, süni intellekt modellərinin cavabları onların təlimində istifadə olunan məlumatlardan və materiallardan asılıdır. Bu materialların müəyyən mədəni mühitlərdən qaynaqlanması digər mədəniyyətlərin dəyərlərinin təqdimatına da təsir göstərə bilər.
N.Məmmədli qeyd edib ki, tədqiqatçılar müxtəlif ölkələrdə insanların dəyərlərini öyrənmək məqsədilə keçirilən ümumdünya dəyərlər sorğularında istifadə olunan sualları süni intellekt modellərinə də ünvanlayıblar. Onun çıxışında təqdim etdiyi müşahidələrə görə, Qərb mədəniyyətinin dəyərləri ilə bağlı cavablar bəzi hallarda sorğu nəticələrinə daha çox uyğun gəldiyi halda, digər mədəniyyətlərə aid məsələlərdə fərqli yanaşmalar ortaya çıxa bilər.
Fondun İdarə Heyətinin sədri vurğulayıb ki, süni intellekt modellərinin hansı mədəni dəyərləri əks etdirdiyinin öyrənilməsi gələcək nəsillərin dünyagörüşünün formalaşması baxımından əhəmiyyətlidir. Bu kontekstdə ayrı-ayrı ölkələrdə suveren süni intellekt sistemlərinin yaradılması məsələsi də müzakirə olunur. Bununla belə, müasir texnologiyaların inkişafının bir ölkənin imkanları ilə məhdudlaşmadığını nəzərə alaraq, beynəlxalq əməkdaşlığın əhəmiyyəti də diqqətdə saxlanılmalıdır.
N.Məmmədli mümkün həll yollarından biri kimi müxtəlif dillərdə süni intellekt modellərinin cavablarının müqayisəli araşdırılmasını təklif edib. Onun fikrincə, dilçilər, tədqiqatçılar və digər mütəxəssislər Azərbaycan, rus, ingilis və ölkədə geniş istifadə olunan başqa dillərdə eyni sualları modellərə ünvanlayaraq cavabların məzmununu müqayisə edə bilərlər. Belə araşdırmalar süni intellektin müxtəlif dillərdə fərqli mesajlar çatdırıb-çatdırmadığını müəyyənləşdirməyə, milli-mədəni dəyərlərin təqdimatını qiymətləndirməyə və modellərin təkmilləşdirilməsi üçün əsaslar yaratmağa kömək edə bilər.
O qeyd edib ki, bu istiqamətdə məqsəd gələcək nəslə ötürüləcək mədəni dəyərləri nəzərə alan bir çərçivənin formalaşdırılmasıdır. Eyni zamanda, hazırlanacaq modellər gənclərin müstəqil düşünmək, məlumatları təhlil etmək və həqiqəti axtarmaq bacarıqlarını inkişaf etdirməsinə imkan yaratmalıdır.
N.Məmmədlinin sözlərinə görə, süni intellektin müxtəlif mədəniyyətlərə münasibətinin araşdırılması həm milli dəyərlərin qorunması, həm də gənclərin rəqəmsal mühitdə şüurlu seçim etməsi baxımından vacibdir.