“Kitabi-Dədə Qorqud” dastanının rus elmi nəşrlərində tədqiqi məsələləri təhlil olunub
Bakı, 28 oktyabr, AZƏRTAC
AMEA Folklor İnstitutunun “Dədə Qorqud” şöbəsində “Kitabi-Dədə Qorqud” dastanının müasir tədqiqi məsələlərinə həsr olunan elmi seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda şöbənin böyük elmi işçisi Nailə Mirzəyevanın “Müasir rus elmi nəşrlərində “Kitabi-Dədə Qorqud” dastanının tədqiqi məsələləri” mövzusunda məruzəsi dinlənilib.
Məruzədə dastanın müasir rus elmi nəşrlərində araşdırılmasının əsas istiqamətləri, tədqiqi tarixi və ümumtürk mədəni irsindəki yeri diqqətə çatdırılıb. Qeyd olunub ki, “Kitabi-Dədə Qorqud” həm oğuz epik ənənəsinin mühüm nümunəsi, həm də türk xalqlarının tarixi yaddaşını, dünyagörüşünü və mənəvi dəyərlərini əks etdirən qiymətli abidədir.
Nailə Mirzəyeva rus şərqşünaslığında dastanın öyrənilməsinin əsasını qoymuş akademik Vasili Vladimiroviç Bartoldun elmi fəaliyyətindən bəhs edib. Alimin eposun tərcüməsi və tədqiqi sahəsində xidmətləri, eləcə də sonrakı qorqudşünaslıq araşdırmalarına təsiri vurğulanıb.
Məruzədə Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun tədqiqatçısı Tatyana Anikeyeva tərəfindən aparılmış araşdırmalar da geniş təhlil olunub. Dastanın yazılı epik abidə kimi öyrənilməsi, tarixi-mədəni əlaqələri və ənənəvi türk dünyagörüşü ilə bağlı məsələlərə toxunulub. Eposda qədim türk mifoloji təsəvvürləri ilə sonrakı İslam təsirlərinin qarşılıqlı əlaqəsi, həmçinin şifahi və yazılı ənənələr arasındakı mövqeyi diqqətə çatdırılıb. Bildirilib ki, “Kitabi-Dədə Qorqud”un “Koroğlu”, “Battalnamə” və “Danişməndnamə” kimi epik abidələrlə müqayisəli öyrənilməsi, eləcə də Bizans və Avropa epik ənənələri ilə tipoloji paralellərinin araşdırılması mühüm elmi əhəmiyyət daşıyır. Dastanın qədim türk runik yazıları, uyğur mətnləri və orta əsr türk yazılı abidələri ilə əlaqələri də seminarın əsas müzakirə istiqamətlərindən olub.
Seminarda qazax alimlərinin eposla bağlı araşdırmaları, xüsusilə qəhrəman qadın obrazları və oğuz cəmiyyətində qadın idealı məsələləri də nəzərdən keçirilib. Korqudun epik irsinin müxtəlif türk xalqlarının elmi mühitində öyrənilməsi istiqamətləri diqqətə çatdırılıb.
Sonda “Kitabi-Dədə Qorqud”un çoxşaxəli tədqiqinin davam etdirilməsinin vacibliyi vurğulanıb. Dastanın Drezden və Vatikan nüsxələrinin, eləcə də yeni əlyazma materiallarının müasir elmi metodlarla araşdırılmasının onun tarixi, mədəni və folklor xüsusiyyətlərinin daha dərindən öyrənilməsinə töhfə verəcəyi bildirilib.