Tarixçi-alim: Alban xristian abidələrində erməni memarlıq üslubu yoxdur
Bakı, 26 oktyabr AZƏRTAC
Qafqaz Albaniyasının xristian abidələrinin arxeoloji tədqiqi zamanı məlum olub ki, kilsə memarlığı baxımından ermənilərə məxsus milli kolorit, demək olar ki, yoxdur.
AMEA Arxeologiya və Antropologiya İnstitutunun Antik dövr və Alban arxeologiyası şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Natiq Alışov AZƏRTAC-a açıqlamasında bildirib ki, Cənubi Qafqazda düzbucaqlı xristian memarlığının iki istiqaməti geniş yayılıb. Birincisi, Suriya memarlığıdır. Bu üslubda kilsə ümumi düzbucaqlı formada inşa olunur və şərqdə yerləşən altar apsidası (mehrab) düzbucaqlının daxilində öz memarlıq həllini tapır. Bizans memarlığına məxsus kilsələrdə isə şərqdə yerləşən altar apsidası (mehrab) nalvari formada, düzbucaqlı hissədən kənarda yerləşir.
O qeyd edib ki, Ermənistanda yerləşən kilsələrin (Üçkilsədə-Eçmiədzində) strukturuna diqqət yetirdikdə orada Bizans memarlığında Suriya və əksinə transformasiyaların mövcudluğu müşahidə olunur. Paralel olaraq Cənubi Qafqazda yayılmış kilsə memarlıq strukturunda Bizans və Suriya xristian memarlıq nümunələrin geniş yayıldığını görmək mümkündür.
“Qafqaz Albaniyasının mövcud olduğu tarixi sərhədlər daxilində erməni kilsə memarlığı və memarlıq kompleksi olmayıb ki, onların hər hansı müqayisəsi və təhlili aparılsın. Çünki həmin abidələr ermənilər tərəfindən mənimsənilməyə cəhd edilib və bu cəhdlər bu gün də davam edir. Bütün bunlar kilsə memarlığı baxımından ermənilərə məxsus milli koloritin olmadığını göstərir”, - deyə N.Alışov bildirib.
Alim vurğulayıb ki, Cənubi Qafqazda ermənilərin Azərbaycanın Qafqaz Albaniyasına aid xristian irsini mənimsəmək cəhdləri hələ də yekunlaşmayıb. Onlar, həmçinin qonşu Türkiyə və Gürcüstanda, eləcə də tarixi Albaniyanın sərhədlərinə daxil olan Dərbənd ərazisində guya “zamanında ermənilər tərəfindən inşa edilmiş çoxlu qədim kilsə strukturlarının olduğunu” iddia etməkdə davam edirlər.
Müxbir-Xatirə Cəfərova