Akademik Kamal Abdulla: “Öyrədərək öyrənirik” prinsipi təhsilin əsasını təşkil edir
Bakı, 28 oktyabr, AZƏRTAC
Təhsil alan gənclərin multikultural dəyərlər, dünya mədəniyyəti və müxtəlif xalqların mənəvi irsi əsasında formalaşması cəmiyyətdə qarşılıqlı anlaşmanın və mədəniyyətlərarası dialoqun inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Mədəniyyətlərarası dialoq, təhsil və rəqəmsal transformasiya” mövzusunda sessiyada deyib. O bildirib ki, multikulturalizm yalnız nəzəri anlayış deyil, xalqın düşüncəsində, mənəviyyatında, ədəbiyyatında və mədəniyyətində yaşayan dəyərdir. Multikultural ruh insanın özünü başqa xalqların nümayəndələrindən üstün tutmamasında, fərqli mədəniyyətləri özünə yad hesab etməməsində təzahür edir.
Rektorun sözlərinə görə, təhsil multikultural dəyərlərin gənc nəslə aşılanmasında, müxtəlif xalqların mədəniyyət və mənəvi irsinin öyrənilməsində mühüm vasitədir. Tələbələr dünya mədəniyyəti, dünya ədəbiyyatı, mifologiya və müxtəlif xalqların dəyərləri ilə tanış olduqca onların dünyagörüşü genişlənir, fərqli mədəniyyətləri anlamaq və onlara hörmətlə yanaşmaq bacarıqları inkişaf edir. Multikultural cəmiyyətin formalaşması üçün müxtəlif xalqların mədəniyyətlərinin, tarixlərinin, ədəbiyyatlarının və mənəvi dəyərlərinin qarşılıqlı əlaqədə inkişafı vacibdir. Rektor təhsildə müəllimlə tələbə arasında qarşılıqlı ünsiyyətin və dialoqun vacibliyini vurğulayaraq deyib: “Tədris prosesi birtərəfli ola bilməz. Müəllim tələbənin reaksiyasından, fikirlərindən öyrənir. Qədim latın ifadəsi var: “Docendo discimus” - “Öyrədərək öyrənirik”. Müəllimlə tələbə arasındakı münasibət yalnız universitet auditoriyası ilə məhdudlaşmamalı, universitetdən kənarda da qarşılıqlı hörmət və ünsiyyət əsasında davam etməlidir”.
O vurğulayıb ki, təhsil alan gənclərin müxtəlif mədəniyyətləri tanıması və multikultural dəyərləri mənimsəməsi onların daha geniş dünyagörüşünə malik, fərqli düşüncələrə açıq və cəmiyyət qarşısında məsuliyyətini dərk edən vətəndaşlar kimi formalaşmasına kömək edir.