Anais Dagrou: Qızların rəqəmsal imkanlara çıxışı genişləndirilməli, süni intellekt üzrə bilikləri artırılmalıdır
Bakı, 28 oktyabr, AZƏRTAC
Hökumətlər, ilk növbədə, rəqəmsal imkanları əlçatmaz edən maneələri aradan qaldırmalıdırlar. Xüsusilə kənd yerlərində rəqəmsal imkanlara çıxış yoxdur. Onların şəhərdə yaşayan insanlarla müqayisədə daha az imkanları var. Buna görə də düşünürəm ki, hökumətin, ilk növbədə, görməli olduğu iş budur.
AZƏRTAC xəbər verir ki, bunu Afrika Qadın Liderləri Şəbəkəsinin (AWLN) Gənclər Komitəsinin sədri Anais Roxanne Dagrou VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Bilik, liderlik və imkanlar: ortaq gələcək naminə körpülərin qurulmasında qadınların və qızların rolunun gücləndirilməsi” mövzusundakı dialoqda deyib.
O, həmçinin qızlara daha çox texniki bacarıqların öyrədilməsinin, süni intellekt üzrə tənqidi savadlılığın qazandırılmasının əhəmiyyətini qeyd edib: “Biz onlara süni intellekt barədə daha çox bilik verməliyik. Düşünürəm ki, dünyanın hər yerində - istər Afrikada, istər Avropada, istərsə də Amerikada hamı süni intellektdən danışır. Amma biz gənc qızlara süni intellekti necə istifadə etməyi öyrənmək üçün lazım olan vasitələri təqdim etmirik. Məncə, bu, etməli olduğumuz işlərdəndir”.