“Turandot” operasının üçgünlük premyera silsiləsi başa çatıb
Tamaşanı VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları izləyiblər
Bakı, 27 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı dünya opera sənətinin şah əsərlərindən biri olan Cakomo Puççininin “Turandot” operasını oktyabrın 27-də Heydər Əliyev Sarayında tamaşaçılara təqdim edib. Bununla operanın üçgünlük premyera silsiləsi başa çatıb.
AZƏRTAC xəbər verir ki, tamaşanı VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları, mədəniyyət xadimləri, sənətsevərlər və digər qonaqlar izləyiblər.
Oktyabrın 24, 25 və 27-də nümayiş olunan operanın son tamaşasında Turandot obrazını Əməkdar artist İlahə Əfəndiyeva, Kalaf obrazını isə Çilidən olan tenor Dieqo Qodoy ifa ediblər. Liu partiyasında Fatimə Cəfərzadə, Timur obrazında İqor Yadrov, Pinq rolunda Əməkdar artist Anton Ferştandt, Panq rolunda Fəhmin Əhmədli, Ponq rolunda Əməkdar artist Tural Ağasiyev, İmperator Altoum rolunda Əməkdar artist Əliəhməd İbrahimov, Mandarin rolunda Orxan Cəlilov, Pu-Tin-Pao rolunda isə Rəşad Məmmədov çıxış ediblər.
Tamaşanın dirijoru Mustafa Mehmandarov olub.
Hər üç tamaşanın yaradıcı heyətinə quruluşçu rejissor Mikayıl Mikayılov, quruluşçu rəssam Mustafa Mustafayev, icraçı rəssam Əməkdar mədəniyyət işçisi Tehran Babayev, xormeyster Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu baletmeysterlər – Xalq artisti Mədinə Əliyeva və Əməkdar artist Anar Mikayılov daxildir.
Qeyd edək ki, “Turandot” Cakomo Puççininin ən məşhur operalarından biridir. Üçpərdəli tamaşa Karlo Qozzinin eyniadlı pyesi əsasında hazırlanıb. Librettonu Cüzeppe Adami və Renato Simoni yazıblar. Operanın premyerası 1926-cı il aprelin 25-də Milandakı La Skala teatrında Arturo Toskanininin dirijorluğu ilə baş tutub.
Bakılı tamaşaçılar operanı ilk dəfə 1928-ci ildə, dünya premyerasından cəmi iki il sonra izləyiblər. Bakıdakı premyera Sovet İttifaqında ilk “Turandot” tamaşası olub.
Puççini 1920-ci ilin yayından 1924-cü ildə vəfat edənə qədər “Turandot” üzərində işləyib. Amma məşhur əsərini tamamlamaq ona qismət olmayıb. Operanın son hissəsini Puççininin notları əsasında Franko Alfano tamamlayıb.
Operanın süjeti amansız şahzadə Turandot və şahzadə Kalafın sevgi hekayəsi ətrafında cərəyan edir. Qozzininin nağılında olduğu kimi, Turandot bütün namizədləri üç tapmaca ilə sınayır və şərt qoyur ki, düzgün cavab verən adama ərə gedəcək, yanlış cavab verən isə edam ediləcək. Bir sıra sınaqlardan sonra Kalaf tapmacaları həll edir və nəhayət, sevgisinin gücünə təslim olan Turandotla evlənir.