Naxçıvan Dövlət Uşaq Teatrının 20 illik yubileyi qeyd olunub
Naxçıvan, 27 oktyabr, AZƏRTAC
Oktyabrın 27-də Naxçıvan Dövlət Milli Dram Teatrında Naxçıvan Dövlət Uşaq Teatrının yaradılmasının 20 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbirdən öncə Naxçıvan Dövlət Uşaq Teatrının fəaliyyətini əks etdirən sərgiyə baxış olub.
Tədbiri Naxçıvan Dövlət Uşaq Teatrının direktoru Məhəmməd Məmmədov açaraq teatrın 20 illik fəaliyyəti, keçdiyi yaradıcılıq yolu və uşaqların estetik tərbiyəsində oynadığı rol barədə danışıb.
Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini, nazir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Fazil Məmmədov çıxış edərək kollektivi yubiley münasibətilə təbrik edib. O, Azərbaycan teatrının xalqımızın mühüm mədəni sərvəti olduğunu, Naxçıvan teatrının isə milli teatr tarixində özünəməxsus yer tutduğunu vurğulayıb. Ümummilli Lider Heydər Əliyevin teatr sənətinə göstərdiyi qayğıdan bəhs edən Fazil Məmmədov bildirib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən mədəniyyət siyasəti, teatrların maddi-texniki bazasının gücləndirilməsi, yaradıcı kollektivlərin dəstəklənməsi və sənət adamlarının əməyinin qiymətləndirilməsi də bu sahənin inkişafına mühüm töhfə verir.
Teatr kollektivinin əməyinin dövlət tərəfindən yüksək qiymətləndirildiyini bildirən Fazil Məmmədov kollektivə yeni yaradıcılıq uğurları arzulayıb.
Bakı Uşaq və Gənclər Teatrının direktoru İntiqam Soltan çıxış edərək uşaq teatrının cəmiyyətdəki rolundan danışıb, kollektivi təbrik edib və yubiley münasibətilə hədiyyələr təqdim edib.
Tədbirdə Əməkdar artist Elmira Kərimova çıxışında Naxçıvan Dövlət Uşaq Teatrının yaradıcılarından biri kimi xatirələrini bölüşüb, teatrın yaradılmasında əməyi olan sənətkarları yad edib. Əməkdar artist Tofiq Seyidov, Naxçıvan Dövlət Milli Dram Teatrının direktoru Mir Qabil Əkbərov və Naxçıvan Dövlət Kukla Teatrının direktoru Səyyad Məmmədov da çıxış ediblər. Çıxışlarda teatrın keçdiyi yaradıcılıq yolu, kollektivin uğurları və uşaq teatrının mədəni həyatımızdakı əhəmiyyəti vurğulanıb, kollektivə təbriklər çatdırılıb, hədiyyələr verilib.
Naxçıvanda teatr sənətinin inkişafı sahəsində səmərəli fəaliyyəti və teatrın 20 illik yubileyi münasibətilə teatrın kollektivinə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Fəxri fərmanı təqdim olunub.
Sonra Naxçıvan Dövlət Uşaq Teatrının 20 illik fəaliyyətinə həsr olunmuş videoçarx göstərilib, teatrın rejissoru, Əməkdar artist Nurbəniz Niftəliyevanın təqdimatında bədii kompozisiya nümayiş olunub.
Sonda Fazil Məmmədov teatrın yaradıcı heyəti ilə görüşüb.
Müxbir- Nail Əsgərov