Ali təhsil müəssisələrində İT üzrə beynəlxalq təhsil proqramına qeydiyyat başlayır
Bakı, 28 oktyabr, AZƏRTAC
Ali təhsil müəssisələrinin tələbələri üçün nəzərdə tutulan “IT SkillSprint” beynəlxalq təhsil proqramının ikinci dalğasına qeydiyyat başlayır. Proqram süni intellekt, verilənlər elmi, kibertəhlükəsizlik, proqram təminatının hazırlanması və digər müasir texnologiya sahələrində tələbələrin praktiki bacarıqlarının inkişaf etdirilməsinə yönəlib.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) AZƏRTAC-a bildirilib ki, proqram Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, İRİA, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və beynəlxalq tədris şirkəti “Ironhack”ın tərəfdaşlığı ilə həyata keçirilir.
Layihənin əsas məqsədi tələbələri beynəlxalq əmək bazarının tələblərinə uyğun hazırlamaq, onların rəqəmsal bacarıqlarını inkişaf etdirmək və universitetlərlə sənaye arasında əməkdaşlığı gücləndirməkdir.
Proqramda Bakı və Sumqayıt şəhərlərində yerləşən ali təhsil müəssisələrinin üçüncü kursunun ikinci yarımilində təhsil alacaq, universitetə 400 və daha çox balla qəbul olunmuş İT və əlaqəli ixtisaslar üzrə tələbələr iştirak edə bilərlər. Namizədlər baza biliklərini qiymətləndirən test imtahanından və müsahibədən keçməlidirlər. Seçim nəticəsində ümumilikdə 220 tələbənin proqrama cəlb edilməsi nəzərdə tutulur.
2027-ci ilin fevral-iyul aylarında keçiriləcək 6 aylıq proqram çərçivəsində təlimlər beş istiqaməti əhatə edəcək: süni intellekt mühəndisliyi, kibertəhlükəsizlik və süni intellekt, verilənlər elmi və süni intellekt, proqram təminatının hazırlanması və süni intellekt, bulud və platforma mühəndisliyi.
Hibrid formatda təşkil olunacaq tədris zamanı beynəlxalq mentorlar Bakıda intensiv təlimlər keçirəcəklər. İştirakçılar real layihələr üzərində işləyəcək, praktiki təcrübə qazanacaq və gələcək karyeralarında istifadə edə biləcəkləri layihələr portfeli formalaşdıracaqlar. Proqram çərçivəsində, həmçinin hakatonlar, karyera sərgiləri və şəbəkələşmə tədbirləri təşkil olunacaq.
Proqramın üstünlüklərindən biri təhsil müddətində universitet kreditlərinin tanınmasıdır. Müvafiq qaydada tanınan kreditlər tələbələrə digər fənlər üzrə dərslərdən azad olunaraq altı ay ərzində diqqətlərini proqramın tədrisinə yönəltmək imkanı verəcək.
Proqramı uğurla başa vuran iştirakçılara “Ironhack” şirkətinin beynəlxalq səviyyədə tanınan sertifikatı təqdim olunacaq.
Qeydiyyat üçün son tarix 2026-cı il noyabrın 22-sidir. Müraciət etmək istəyən tələbələr https://ironhack.typeform.com/to/sS9Mg8lf linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, 2013-cü ildən fəaliyyət göstərən “Ironhack” texnologiya sahəsində praktiki təhsil proqramları təqdim edir. Şirkətin məlumatına görə, indiyədək 25 mindən çox məzun yetişdirilib, məzunların 75 faizi proqramı bitirdikdən sonra işlə təmin olunub. Onlar 800-dən çox qlobal şirkətdə çalışırlar.