Qətər nümayəndəsi: Məkkə Konvensiyası əməkdaşlığın gücləndirilməsi üçün mühüm mexanizmdir
Bakı, 28 oktyabr, AZƏRTAC
Biz hazırda ölkələrimiz və müvafiq qurumlarımız üçün ciddi çağırışlar yaradan, dövlətlərimizin inkişafına mane ola biləcək mürəkkəb siyasi və təhlükəsizlik şəraitində fəaliyyət göstəririk. Bu vəziyyət milli resursların qorunması və transmilli cinayətkarlığa qarşı mübarizə məqsədilə əməkdaşlığın gücləndirilməsi üçün tədbirlər görməyimizi zəruri edir. Biz suverenliyə hörmətin, münaqişələrin sülh yolu ilə həllinin, hüquq-mühafizə fəaliyyətinin gücləndirilməsinin və cəzasızlığa qarşı mübarizənin vacibliyini vurğulayırıq.
AZƏRTAC xəbər verir ki, bunu Qətər Dövlətinin nümayəndəsi Hamad bin Nasser Al-Misnad İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşündə çıxışı zamanı deyib.
"İƏT çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində göstərdiyi səylərə görə təşkilatın Baş Katibliyinə də təşəkkürümü bildirirəm. Qətər 2024-cü ilin noyabrında Dohada keçirilmiş ikinci nazirlər toplantısına ev sahibliyi etməkdən şərəf duyub və müvafiq qurumlar arasında əməkdaşlığın inkişafına, eləcə də Məkkə Konvensiyasının imzalanması prosesinin genişləndirilməsinə töhfə verib. Həmin toplantıda Konvensiyanı imzalayan üzv dövlətlərin sayı 21-ə çatıb. Bununla da ümumilikdə Konvensiyanı imzalayan üzv dövlətlərin sayı 24 olub. Bu öhdəliyin davamı olaraq, Qətər Konvensiyanı bu yaxınlarda ratifikasiya edib. Konvensiyanın ən qısa zamanda qüvvəyə minməsi üçün İƏT-in digər üzv dövlətlərinin də bu addımı atacağına ümid edirik.
Məkkə Konvensiyasının müvafiq qurumlar arasında əməkdaşlığın və məlumat mübadiləsinin gücləndirilməsi, eləcə də əldə edilmiş gəlirlərin müvafiq hüquqi çərçivələrə uyğun olaraq geri qaytarılması üçün mühüm mexanizm olduğunu bir daha vurğulayırıq".