Aparat rəhbəri: 2060-cı ilədək olan iqlim hədəflərinin əsas istiqamətləri müəyyən edilib
Bakı, 28 oktyabr, AZƏRTAC
"Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" çərçivəsində 2060-cı ilədək neft-qaz sektorunda istixana qazı emissiyalarının azaldılması məqsədilə beş əsas istiqamət üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparat rəhbəri Fərman Qurbanlı “Milli səviyyədə müəyyən edilmiş töhfələrin Azərbaycanda icrasının sürətləndirilməsi: Dayanıqlı inkişaf üçün enerji sektorunun dekarbonizasiyasının təşviqi” mövzusunda 9-cu Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunda çıxışı zamanı bildirib.
Aparat rəhbəri vurğulayıb ki, iqlim dəyişmələri ilə mübarizə və 2060-cı ilədək qarşıya qoyulan hədəflərə nail olunması üçün bir sıra əsas istiqamətlər müəyyənləşdirilib.
“Yaşıl enerjiyə keçidin sürətləndirilməsi, su və tullantıların idarə edilməsinin təkmilləşdirilməsi, iqlim dəyişmələrinə davamlılığın artırılması və şəffaflığın gücləndirilməsi əsas istiqamətlər sırasındadır. Təbii karbon uducularının, xüsusilə meşələrin potensialının artırılmasının da strategiyada mühüm yer tutur. Meşələrin iqlim dəyişmələrinin təsirlərinin azaldılmasında rolu digər istiqamətlərlə müqayisədə məhdud olsa da, bu sahənin inkişafı və meşə potensialının artırılması üzrə işlər davam etdirilir”, - deyə aparat rəhbəri əlavə edib.
Foto - Aydın Məmmədov