Azərbaycan-Hindistan münasibətlərinin inkişafı qarşılıqlı maraqları praktik əməkdaşlığa çevirəcək RƏY
Bakı, 28 oktyabr, AZƏRTAC
Azərbaycanla Hindistan arasında münasibətlərin tarixi kökləri qədim dövrlərə gedib çıxır. Müxtəlif tarixi mərhələlərdə bu əlaqələr dini, mədəni və siyasi amillərin təsiri ilə formalaşıb. Xüsusilə XX əsrdə kino və incəsənət sahələrindəki qarşılıqlı əlaqələr xalqlar arasında yaxınlığın möhkəmlənməsində mühüm rol oynayıb. Hətta diplomatik münasibətlər qurulmazdan əvvəl Bakıda çoxsaylı hindistanlı tələbələrin təhsil alması və Hindistan mədəniyyətini təbliğ edən mərkəzlərin fəaliyyət göstərməsi iki xalq arasında formalaşan əlaqələrin göstəricisi idi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov deyib.
O, sonrakı dövrdə Azərbaycan-Hindistan münasibətlərinin iqtisadiyyat, enerji, nəqliyyat-logistika, turizm və humanitar əməkdaşlıq istiqamətlərində də inkişaf etdiyinə diqqət çəkib. Deputatın sözlərinə görə, enerji sahəsində Hindistan şirkətlərinin iştirakı xüsusilə diqqətəlayiqdir. Hindistanın ONGC şirkəti “Əsrin müqaviləsi” və Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə bağlı layihələrdə iştirak edib. Qeyri-neft sektorunda da əməkdaşlıq imkanları yaranıb. Hindistanın “UFlex Limited” şirkəti ilə Ələt Azad İqtisadi Zonasında qablaşdırma məhsullarının istehsalı müəssisəsinin yaradılması istiqamətində imzalanan saziş bu baxımdan mühüm nümunədir. Turizm əlaqələri də Azərbaycan-Hindistan münasibətlərinin mühüm istiqamətlərindəndir. Pandemiyadan sonrakı dövrdə Hindistandan Azərbaycana turist axınının artması iki ölkə arasında turizm potensialının geniş olduğunu göstərirdi. Eyni zamanda, Bakıda yerləşən “Atəşgah” məbədi kimi tarixi-mədəni məkanlar Hindistanla Azərbaycan arasında mövcud olan ortaq tarixi bağların qorunmasına və humanitar əlaqələrin dərinləşməsinə töhfə verir.
“Prezident İlham Əliyevin 2026-cı il sentyabrın 1-də Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə Görüşü çərçivəsində Hindistanın Baş naziri Narendra Modi ilə görüşü xüsusi əhəmiyyət daşıyır. Görüşdə ikitərəfli münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsinin aparılması siyasi dialoqun yenidən canlandırılması baxımından mühüm addım kimi qiymətləndirilə bilər. Həmçinin oktyabrın 23-də dövlətimizin başçısının Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarı qəbul etməsi dialoqun inkişafına verilən əhəmiyyəti göstərir. Bu təmaslar əvvəlki gərginliyin aradan qaldırılması və münasibətlərin daha praqmatik əsasda inkişaf etdirilməsi üçün yeni imkanlar yaradır.
Gələcək əməkdaşlığın perspektivləri isə, ilk növbədə, enerji, rəqəmsal texnologiyalar, turizm və nəqliyyat sahələri ilə bağlıdır. Texnoloji inkişaf və rəqəmsal infrastruktur sahəsində qarşılıqlı təcrübələrin bölüşülməsi, enerji layihələrində ortaq maraqların genişləndirilməsi iqtisadi münasibətlərin yeni məzmun qazanmasına şərait yarada bilər. Turizm isə yalnız iqtisadi gəlir mənbəyi deyil, həm də mədəniyyətlərarası dialoqun və xalqlar arasında qarşılıqlı anlaşmanın güclənməsinə xidmət edən mühüm vasitədir. Hindistanın böyük əhali potensialı və turizm bazarının genişliyi bu sahədə əməkdaşlıq üçün əlavə imkanlar açır. Bunun üçün nəqliyyat əlçatanlığının yaxşılaşdırılması, turizm marşrutlarının genişləndirilməsi və qarşılıqlı təşviq tədbirlərinin gücləndirilməsi vacibdir”, - deyə deputat bildirib.
Azər Allahverənov vurğulayıb ki, Azərbaycan-Hindistan münasibətlərinin gələcək inkişafı tərəflərin siyasi fikir ayrılıqlarını nə dərəcədə aradan qaldıra bilməsindən və qarşılıqlı maraqları praktik əməkdaşlığa çevirmək iradəsindən asılı olacaq. Mövcud potensialın reallaşdırılması Hindistanın Cənubi Qafqazdakı iqtisadi və siyasi mövqelərinin möhkəmlənməsinə, Azərbaycanın isə Hindistan vasitəsilə Cənubi və Cənub-Şərqi Asiya bazarları ilə əlaqələrinin genişlənməsinə töhfə verə bilər. Azərbaycanın AQEM-ə ikiillik sədrliyi də bu istiqamətdə dialoq və çoxtərəfli əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün əlavə platforma rolunu oynayacaq.