Fransalı nümayəndə: Azərbaycanda gördüyüm bütün mədəni məkanlardan zövq alıram
Bakı, 28 oktyabr, AZƏRTAC
Bakıya səfərim zamanı Azərbaycanın mədəniyyəti ilə daha yaxından tanış olmaq imkanım olub. Burada gördüyüm mədəni məkanlar və insanlara göstərilən qonaqpərvərlik məndə xoş təəssürat yaradıb.
Bunu AZƏRTAC-a açıqlamasında Fransanın “News Generation Against Hate” təşəbbüsünün nümayəndəsi Alima Fofana Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə danışarkən deyib.
19 yaşlı A.Fofana forumun gənclər üçün əhəmiyyətindən danışaraq bildirib ki, bu cür tədbirlər müxtəlif imkanlara çıxışı məhdud olan gənclər üçün öz fikirlərini çatdırmaq və müsbət mesajlar yaymaq baxımından xüsusi əhəmiyyət daşıyır.
“Bu, mənim üçün həqiqətən də gözəl fürsətdir. Çünki gəldiyim yerlərdə yaşayan insanların hər gün əldə edə bilmədiyi nadir imkanlardan biridir. Belə bir tədbirdə iştirak edərək müsbət mesajlar yaymağımın, fikrimcə, xüsusi əhəmiyyəti var”, – deyə o qeyd edib.
A.Fofananın sözlərinə görə, forum üzləşilən problemləri müzakirə etmək və onların həlli yollarını müəyyənləşdirmək üçün əlverişli platformadır. O, tədbirdə səsləndirilən fikirlərin gələcəkdə faydalı nəticələr verəcəyinə ümidvar olduğunu bildirib.
Bakıda onu ən çox təəccübləndirən məqamlardan danışan gənc iştirakçı qeyd edib ki, Azərbaycan haqqında əvvəlcədən çox məlumatlı olmasa da, şəhərdəki isti mühit və mədəni müxtəliflik onda xoş təəssürat yaradıb.
“Səyahətimə Qubadan başlamışdım. Bakıya gələndə burada çoxlu fərqliliklərin olmasına baxmayaraq, hər şey mənə doğma və isti təsir bağışladı. Azərbaycan haqqında çox məlumatım yox idi. Bu ölkəni kəşf etmək məndə özümü evimdən uzaqda hiss etmədiyim təəssüratını yaratdı”, – deyə A.Fofana vurğulayıb.
O, səfər çərçivəsində ziyarət etdikləri mədəni məkanlardan məmnunluğunu ifadə edərək Azərbaycanın tarixi və mədəniyyəti ilə tanışlıq üçün yaradılan imkanları yüksək qiymətləndirib.
“Azərbaycanda gördüyüm bütün mədəni məkanlardan həqiqətən zövq alıram. Azərbaycanın mədəniyyəti ilə daha yaxından tanış olmağımız üçün hər cür şərait yaradılır”, – deyə o əlavə edib.