Yaponiya və ABŞ müdafiə nazirləri əməkdaşlığı artırmaq barədə razılığa gəliblər
Pekin, 28 oktyabr, AZƏRTAC
Yaponiya müdafiə naziri Şinciro Koizumi və amerikalı həmkarı Pit Heqset ikitərəfli təhlükəsizlik alyansının çəkindirmə qabiliyyətini gücləndirmək üçün müdafiə investisiyalarının artırılmasının və strateji uyğunlaşmanın davam etdirilməsinin vacibliyi barədə razılığa gəliblər.
AZƏRTAC Yaponiya mediasına istinadla xəbər verir ki, Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) Filippində keçirilən müdafiə toplantısı çərçivəsində görüşən nazirlər Çin sahillərinin şərqində yerləşən və Yaponiya və Filippinri əhatə edən birinci ada zəncirində effektiv müdafiənin tətbiqi səyləri barədə razılıq əldə ediblər.
Şinciro Koizumi Pentaqon rəhbərinə Yaponiyanın təhlükəsizlik strategiyasını və əlaqəli sənədləri yeniləmək üçün davam edən işlər barədə məlumat verib.
Qeyd edək ki, Filippinin təşkilata sədrliyi altında Sebuda ASEAN-ın müdafiə nazirlərinin 20-ci toplantısı keçirilir. Paralel olaraq oktyabrın 29-da ASEAN+ formatında keçiriləcək görüşdə qurumun tərəfdaşı ABŞ, Çin, Avstraliya, Hindistan, Yaponiya, Yeni Zelandiya, Cənubi Koreya və Rusiyanın nümayəndələrinin iştirakı gözlənilir.
Sebuda gündəlik Hind-Sakit okean regionundakı geosiyasi gərginliklər fonunda regional müdafiə əməkdaşlığının gücləndirilməsinə yönəlib. Əsas müzakirə mövzuları Cənubi Çin dənizi mübahisələri, dəniz təhlükəsizliyi, kibertəhlükəsizlik, terrorizmə qarşı mübarizə və sülh əməliyyatlarını dəstəkləmək üçün birgə səylər, humanitar yardım və fəlakətlər zamanı koordinasiya, ASEAN üzvləri və tərəfdaş ölkələr arasında hərbi imkanlar, təlim və praktik əməkdaşlığın genişləndirilməsidir.