Nicat Məmmədli: Süni intellekt gələcək nəslin dəyərlərinin formalaşmasına təsir göstərir
Bakı, 28 oktyabr, AZƏRTAC
“Ortaq gələcək naminə dialoq” mövzusunda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində süni intellektin gənc nəslin dünyagörüşünə və dəyərlərinin formalaşmasına təsiri məsələsinə diqqət yetirilib.
AZƏRTAC xəbər verir ki, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli çıxışında ailə, məktəb, dostlar və qohumlarla yanaşı, süni intellektin də insanın sosiallaşmasına təsir göstərən amilə çevrildiyini bildirib. O qeyd edib ki, süni intellekt artıq gündəlik həyatın bir hissəsidir. Xüsusilə gecə saatlarında belə bu texnologiyalara müraciət edən yeniyetmələr üçün süni intellekt modelləri daim əlçatan informasiya mənbəyi və bir növ fərdi müəllim rolunu oynayır. Bununla belə, həmin sistemlər ənənəvi təhsil müəssisələrində müəllimlərə tətbiq olunan işə qəbul, akkreditasiya və sertifikatlaşdırma mexanizmlərindən keçmir.
N.Məmmədli süni intellektin verdiyi cavabların məzmununa diqqət çəkərək ailə öhdəlikləri ilə şəxsi azadlıq arasındakı münasibəti nümunə göstərib. O bildirib ki, bu mövzuda iki fərqli süni intellekt modelinə ünvanladığı sual fərqli cavablarla nəticələnib. Cavablardan birində gəncin ailə öhdəliklərini anlamalı, lakin onları avtomatik olaraq şəxsi azadlıqdan üstün tutmamalı olduğu bildirilib. Digər cavabda isə bu iki amil arasında tarazlığın qorunması və qərarın şəxsin öz dəyərlərinə uyğun verilməsi tövsiyə olunub.
Fondun İdarə Heyətinin sədri vurğulayıb ki, ilk baxışdan neytral görünən belə yanaşmalar bütün mədəniyyətlərdə eyni şəkildə qəbul edilə bilməz. Çünki cəmiyyətlərin ortaq həyatında iştirak etmək və sosial münasibətləri anlamaq müəyyən mədəni dəyərlərlə bağlıdır. Onun sözlərinə görə, əsas məsələ yalnız süni intellektin hansı cavabı verməsi deyil, həmin cavab vasitəsilə gənclərə hansı dəyərlərin və mesajların ötürülməsidir. Ənənəvi olaraq ailə və məktəb gənclərin tərbiyəsində mühüm rol oynayıb. İndi isə təsdiqlənmiş dərsliklərdən fərqli olaraq, süni intellektin təqdim etdiyi məlumatların məzmunu ilə bağlı yeni suallar yaranır.
N.Məmmədli qeyd edib ki, hər bir mədəniyyətin müsbət dəyərləri ilə yanaşı, stereotipləri də mövcuddur. Ənənəvi cəmiyyətlərdə bu məsələlərin tənzimlənməsində ailə, cəmiyyət və müdrik insanların rolu var. Süni intellekt mühitində isə oxşar sosial nəzarət mexanizmlərinin necə formalaşacağı aydın deyil.
O bildirib ki, bu vəziyyət mütləq qaranlıq gələcək demək deyil, lakin gələcək nəslin dəyərlərinin formalaşması baxımından qeyri-müəyyənlik yaradır. Buna görə də gənclərin müstəqil düşünmək, məlumatları tənqidi qiymətləndirmək və həqiqəti axtarmaq bacarıqlarının inkişaf etdirilməsi vacibdir.