Qazaxıstan Prezidenti: Yeni magistral Orta Dəhlizlə yükdaşıma marşrutunu 1000 kilometr qısaldacaq
Astana, 28 oktyabr, AZƏRTAC
“Aral-Xəzər” magistral yolunun tikintisi Trans-Xəzər dəhlizi boyunca yükdaşıma marşrutunu təxminən 1000 kilometr qısaldacaq və yüklərin çatdırılması müddətini üç günə endirəcək.
AZƏRTAC Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Prezident Kasım-Jomart Tokayev bu açıqlamanı “Qazaxıstanın yeni tarixi dövrdə təxirəsalınmaz vəzifələri” adlı xalqa müraciətində verib.
Prezident qeyd edib ki, “Aral-Xəzər” magistral yolunun tikintisinə avqust ayında başlanılıb. O, nəqliyyat və logistika infrastrukturunun inkişafının ölkənin iqtisadi artımı üçün çox vacib olduğunu vurğulayıb.
Prezident bildirib ki, hazırda Çindən Avropaya yükdaşımalarının təxminən 85 faizi Qazaxıstandan keçir.
Bundan əlavə, “Baxtı-Ayaqoz” dəmir yolu xəttinin 2027-ci ildə açılması və Çinə yükdaşıma qabiliyyətinin 20 milyon ton artırılması planlaşdırılır. Tokayev vurğulayıb ki, Qazaxıstan Avrasiyada aparıcı logistika habına çevrilmək üçün quru nəqliyyat marşrutlarının artan əhəmiyyətindən istifadə etməlidir.
O bildirib ki, daxili logistika operatorlarının inkişafına, yüklərin konsolidasiyası və paylanması mərkəzlərinin yaradılmasına, nəqliyyat mərkəzləri ətrafında yeni istehsal və ticarət platformalarının yaradılmasına xüsusi diqqət yetirilməlidir.